28 ildir Şuşa yolunu gözləyən ailə - REPORTAJ

Bu gün Azərbaycanın dilbər guşələrindən biri, dəniz səviyyəsindən 1458 metr hündürlükdə yerləşən Şuşanın işğalından 28 il ötür. İşğal zamanı 25 min nəfərədək əhalidən 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib, 58 nəfər itkin düşüb.

 

APA TV xəbər verir ki, Şuşanın işğalı zamanı məcburi köçkün düşən və Ağdamın Quzanlı qəsəbəsində məcburi köçkünlər üçün inşa olunan evdə məskunlaşan Müşviq Abdullayev də 28 ildir Şuşa həsrəti çəkənlərdən biridir.

 

Şuşanın işğalından Ağdamda məskunlaşan Müşviq burda da ailə qurub 2 qız, 1 oğul övladı var. Deyir, oğlum yaşında olanda könüllü batalyonuna qoşularaq, Şuşa şəhəri və ətraf kəndlərinin müdafiəsində iştirak etmişəm. Demək olar ki, həmin vaxtlarda sağlamlığını da itirib. “1988-ci ildə mən hərbi xidmətə gedib, 1990-cı ildə qayıtdım. Ondan sonra Şuşa milli ordusuna qoşuldum. Şuşadan çıxana kimi. Şöbənin tək lülələ silahları var idi, onu verirdilər çıxırdıq Nəbilərə posta. Şuşanın polislərindən iki nəfəri verirdilər, bizim milli ordunun uşaqları ilə birgə. Polislərin silahları ilə posta çıxırdıq. Kərkicahanda, Nəbilərdə, bir sözlə, bütün qaynar postların hamısında olmuşam”.

 

Abdullayevlər ailəsinin bu gün evi də var, yaşamaq üçün dolanışığı da... Lakin ötən illər onun alınmaz qala hesab edilən Şuşa həsrətini azaltmayıb. Əksinə, yaşlandıqca bu həsrətin daha da böyüdüyünü deyir. “Şuşadan çıxanda 21 yaşım var idi, indi 50 yaşın içindəyəm. 28 ildir ki, hər ildə ümidimiz var ki, bu ildən o ilə qayıdacağıq torpağımıza. Ümidlə yaşayırıq.  Düzdür, bu günə də şükür, dövlət evimizi verib. Amma ömür boyu Şuşanın yerini verə bilməz. Götürəndə havasına, suyuna, gözəlliyinə heç bir söz ola bilməz”.  “Təbii gözəllik var idi Şuşada. Allah oranı bir möcüzə kimi yaratmışdır. Amma qismət olmadı, uşaqlar görmədi. Ataları danışır durub baxırlar bilmirlər ki, nə danışır. Dağlardan, Cıdır düzündən danışır. Getdiyi döyüşlərdən danışır. Uşaqlara yuxu kimi gəlir. Bizim də arzumuz odur ki, Şuşa işğaldan azad olunsun, uşaqlar hamısı getsin görsün, nəvələrimiz görsün”.

 

Xatırladaq ki, ermənilər Şuşa şəhərini işğal etməklə məşhur Şuşa qalası, memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, məbədgah və məscidlər, bütövlükdə 279 dini, tarixi və mədəni abidəni talan edib. bunla yanaşı, 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikumu və 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi bütün avadanlıqlarını talan edərək məhv edib.

 

Habil Aslanoğlu 

Arzu Quliyev

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv