3 kəndin həkim məntəqəsi uçmaq üzrədir - NİYƏ TƏMİR OLUNMUR?

İnsanın hansısa bir yeri ağrıyanda həkimə müraciət edir. Xəstəxanaya müraciət edib həkimin nəzarəti altında daha təhlükəsiz olmaq istəyirsən. Amma indi elə bir tibb müəssisəsindən danışacağıq ki, burda nəyinki xəstələr, hətta tibbi personal özü belə təhlükə altındadır. Söhbət Lənkəranın Vilvan kənd həkim məntəqəsindən gedir. Həkim məntəqəsi 1991-ci ildə inşa olunub və 21 otaqdan ibarət sağlamlıq mərkəzi kimi istifadəyə verilib. Amma bu otaqlardan indi cəmi 5-i fəaliyyət göstərir. Bunlar, baş həkim, stomatoloq, pediatr, tibb bacıları və peyvənd otaqlarıdır. Səhiyyə müəssisəsində vəziyyət acınacaqlıdır və "xəstə olsam, müalicə üçün bura gələrdimmi?" sualı insanı çox düşündürmür. Çünki şəraitsizliyə baxanda cavabını almış olursan. Vilvan kənd həkim məntəqəsinin müdiri Telman Xurşudov deyir ki, dəfələrlə öz hesablarına xırda təmir işləri görsələr də, bu vəziyyəti düzəltmir: “1991-ci ildən istifadə olunmuş binalardan cəmi 5-i istifadəyə verilir. Qalan otaqlarda, müxtəlif kiçik və böyük ölçülü çatlar olduğuna görə qəzalı vəziyyətdədir. Ona görə də onların qapısı hazırda bağlı və fəaliyyətsizdir. Yerdə qalan 5 otaqda da bir neçə dəfə öz maddi imkanımız hesabına yüngül təmirlər apara bilmişik”. Vilvan kəndində 5600 nəfər sakin yaşayır. Ətraf kəndlərdən də bu həkim məntəqəsinə müalicəyə gələnlər olur. Məhz şəraitsizlik, müasir tibbi avadanlıqların yoxluğu, qəzalı vəziyyətdə olan məntəqə müraciət edənlərin həyatını təhlükəyə atır. Bu, xüsusilə payız və qış fəslində, yağıntılı, soyuq hava şəraitində daha təhlükəli hal alır. Vilvan kənd həkim məntəqəsindəki narahatedici məsələlər ilə bağlı TƏBİB-ə müraciət etdik. Bizə verilən cavab isə bu oldu: TƏBİB-in şöbə müdiri Zamirə Ədilova deyir ki, 2022-2024-cü illəri əhatə edən plan çərçivəsində ailə sağlamlıq mərkəzləri sayının artırılması, yeni ilkin səhiyyə xidmətləri müəssisələrinin tikilməsi və təmiri, kadrlarla təminatın yaxşılaşdırılması qarşıda duran əsas məsələlərdəndir və bu istiqamətdə araşdırmalar aparılır, analizlər edilir, plana uyğun olaraq işlər həyata keçirilir: “Onu da qeyd edim ki, bəzi xidmət əlçatanlığı olmayan tibb məntəqələrində, mərkəzi xəstəxanalardan peşəkar həkimləri cəlbetmə yolu ilə, tibbi personalın cəlb olunması yolu ilə səyyari briqadalar təşkil olunur və həmən kəndlərin əhalisi yerindəcə tibbi müayinələrdən keçirilir və müalicələr təyin olunur”. Ölkənin səhiyyə sistemində belə problemlərin hələ də mövcud olduğu bir vaxtda sağlam gələcəyimizdən danışmaq çətindir. Amma ümid edirik ki, Vilvan kəndi ilə yanaşı, digər rayonlardakı kənd həkim məntəqələri də tezliklə ya tam təmir, ya da yenidən inşa olunaraq insanların istifadəsinə veriləcək.
 

Müəllif | Apa.Tv
Apa.tv