3 min illik tarix, minalanmış qəbiristanlıq və erməni goreşənliyi - REPORTAJ

Ermənilər Qarabağın işğal altında saxladıqları ərazilərində bu 30 il müddətində təkcə şəhərləri, qəsəbələri, kəndləri, yaşayış evlərini, inzibati binaları və tarixi-mədəni irsi məhv etmədilər.

 

APA TV-nin məlumatına görə, onlar öz vəhşiliklərini məzarlıqlara qarşı münasibətdə də göstərdilər. İşğaldan azad edilmiş rayonlarımızda demək olar ki, heç bir qəbiristanlıq qalmayıb, bahalı qəbir daşları oğurlanıb, ucuzları sındırılıb, qəbirlər isə sökülüb.

 

Qəbiristanlıq ərazilərindəki türbələr, müqəddəs ocaqlar yerlə-yeksan edilib. Ermənilərin görünməmiş vandalizm göstərdiyi belə qəbiristanlıqlardan biri də Ağdam şəhəri və ona bitişik kəndlərin sakinləri üçün müqəddəs sayılan, bütün Qarabağda məşhur olan tarixi "Qarağacı" qəbiristanlığıdır.

 

Dayandığımız yer Ağdamın qədim qəbiristanlıqlarından biri olan Qarağacı qəbiristanlığıdır. Yolun sol tərəfində vaxtilə daha qədim qəbiristanlıq yerləşib. Burada türbələr, sərdabələr, qəbirüstü abidələr, günbəzlər olub ki, indi bunların heç biri yoxdur. Erməni vandalları bunları dağıdıblar.

 

Şəhərin cənub səmtində, 5 kilometrlik məsafədə yerləşən qəbiristanlığın yaşının 3 min ilə dayandığı deyilir. Burada bizim dövrümüzə gəlib çatan bir qəbirüstü kitabənin isə 1174-cü ilə aid olduğu təsdiqlənib.

 

"Qarağacı"dakı dörd türbə də məhv edilib. Qəbiristanlıqda hər nəslin, tayfanın öz yeri vardı. Ziyarətə gələnlər buradakı talvarların altında ehsan məclisləri təşkil edərdilər. Hazırda qəbiristanlıq tamamilə məhv edilib və yeri şumlanıb. Yəqin ki, belə vəhşiliyin bənzəri dünyanın heç bir yerində olmayıb.

 

Yolun digər tərəfində isə daha müasir qəbiristanlıq olub, daha yeni qəbiristanlıq olub. Bizimlə bura gələnlərdən bir neçəsinin yaxınları burada dəfn olunub. Lakin çox təəssüf ki, mina təhlükəsi ilə əlaqədar ora keçə bilmirlər.

 

27 ildən sonra yaxınlarının məzarlarını ziyarət etməyə gələn Ağdam sakini Əkbər Rüstəmov doğmalarının qəbirlərinin yerini tapa bilmədiyini deyir: “Burada qədim qəbiristanlıq yerləşir. Bu tərəf də qəbiristanlıqdır. Görürsünüz, nə hala salıblar. Yəni bunlar goreşəndirlər. Qəbirlərin hamısını dağıdıblar. Heç biri yoxdur. Tarixi abidələrimizi məhv ediblər, yerlə-yeksan ediblər. Adamın ürəyi ağrıyır”.

 

Əkbər Rüstəmovun sözlərinə görə, bu azmış kimi, ərazidəki mina təhlükəsi Ağdam sakinlərinin bura gəlib-getməsini də çətinləşdirir: “Dayılarımın, anamın məzarı burdadır. Amma mina təhlükəsinə görə hələ də gəlib ziyarət edə bilmirik. Görünür ki, bunların xislətində ancaq pislikdir. Niyyətləri də pisdir, əməlləri pisdir. Allah bunları çox qeyri-adi yaradıb, nə deyim, goreşəndilər”.

 

44 günlük Vətən Müharibəsinin ən böyük nailiyyətlərindən biri də odur ki, 30 ilə yaxın zaman ərzində ölülərimizin də ruhunu rahat buraxmayan erməni goreşənlərinin ayağı bundan sonra bu torpaqlara dəyməyəcək. Nəhayət ki, burada uyuyan minlərlə insanının ruhları rahatlıq tapdı.

 

Mirmehdi Ağaoğlu,

Üzeyir Ağayev,

Həmidağa Məcidov,

APA TV,

Ağdam

Müəllif | Apa.Tv
Apa.tv