3 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yandı

Sabirabad rayonunda yanğın hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.

Qəsəbə sakini 63 yaşlı Əliyar Məmmədova məxsus fərdi yaşayış evində başlayan yanğın nəticəsində içindəki əşyalarla birlikdə tamamı ilə yanıb. Ev sahibi Əliyar Məmmədov, onun həyat yoldaşı 60 yaşlı Gilə Nəsirova və 35 yaşlı oğlanları Rafiq Məmmədov yanğın söndürməyə çalışarkən müxtəlif yanıq xəsarətləri alıblar: “Yoldaşım dedi ki, səs gəlir, çıxdım çölə gördüm ki, qonaq otağı yanır. Qayıtdım pəncərədən uşaqları çıxartdım çölə, mamagil bu pəncərədən çıxdı. İstədim vedrə ilə içəri su atam, mümkün olmadı. Sənədlər, pul, qızıllarım hamısı yandı. Zəng elədik, iki yanğınsöndürən gəldi”.

Hadisə yerinə FHN-nin Sabirabad yanğından mühafizə idarəsinin 2 yanğın söndürən briqadası cəlb olunub. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə yanğına səbəb elektrik naqillərində baş vermiş qısa qapanma səbəb olub.

Fakt araşdırılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv