3 yaşında Xankəndidən çıxmışdı, indi yanğın söndürməyə gedir

 

O, 3 yaşında Xankəndidən çıxmışdı. İllər sonra doğulduğu Xankəndidə partlayış nəticəsində baş verən yanğını söndürüb. Uzun illər Gəncədə məcburi köçkün həyatı yaşıyan Namiq Lələyev haqqında danışırıq. FHN-nin Gəncə şəhər Nizami rayon Dövlət Yanğından Mühafizə hissəsinin manqa komandiri olan Namiq Lələyev 30 ildən sonra doğulduğu torpaqda yanan alovun söndürülməsində zəhməti olduğuna görə qürur duyur. Müsahibimiz deyir ki, sentyabrın 26-sı Gəncə şəhər Nizami rayon Dövlət Yanğından Mühafizə hissəsinə Xankəndi şəhərində Yanacaq çəninin partlaması ilə əlaqədar baş verən yanğının söndürülməsinə dəstək vermək üçün əmr daxil olub. Eşidəndə ki, siyahıda onun da adı var, sevincindən nə edəcəyini bilməyib. Namiq Lələyev Xankəndini atasının söhbətlərindən tanıyıb, sevib. Deyir ki, atası Əbülfət kişi doğma yurdun azadlığa qovuşduğunu görməyib. Xankəndini tərk edəndən bir neçə il sonra o, dünyasını dəyişib. İndi Namiq Lələyevin bir arzusu var: Xankəndində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsində çalışmaq... Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Bu zaman Fövqəladə Hallar Nazirliyinin avtomobil karvanı Ağdam-Əsgəran-Xankəndi yolu ilə hadisə yerinə yollanıb. Xankəndiyə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 avtomobili və 50 nəfərlik heyəti cəlb olunub. Yanğın FHN əməkdaşlarının fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv