30 il əvvəl törədilən qətliamın yaddaşımızda qoyduğu iz

Faciənin sarsıtdığı xalqın dərin hüznünə ilk təsəlli, bir and yeridir bura. Bəli, 20 Yanvar şəhidlərinin dəfnindən bir ay sonra bütün maneələrə baxmayaraq, “qara yanvar” qurbanlarına ilk abidə məhz burda, Astaranın Şiyəkəran kəndində qoyuldu.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, o zaman kənd müəllimi Ənnam Əmrayev ziyalıları və kənd sakinlərini öz ətrafına toplayaraq mərmərdən olan abidəni Bakıdan sifariş ediblər. Şəhidlərin qırx mərasiminə qədər abidə hazır olub: “20 yanvara keçən gecə ağır bir faciənin xəbərini biz Lənkəran Televiziyasından eşitdik. Çünki artıq Bakı televiziyası bu xəbəri bizə verə bilmirdi. Sonra bu xəbər hər bir evə çatdı. Ağır bir itki, faciə bizi sarsıtdı. Biz kollektivdə, rayonda tədbirlər keçirməyə başladıq. Nəhayət biz ziyalılar belə bir qənaətə gəldik ki, bu acı xatirəni əbədiləşdirək”. 

 “Fevral ayında bu abidə artıq qoyulmuşdu, açılışı da oldu. O zamanlarda - sovet dövründə imperializmə qarşı mübarizə aparmaq çox çətin idi. Buna görə də təşəbbüsə başçılıq edən Ənnam Əmrayevə qarşı KKB tərəfindən təzyiqlər olurdu”.


Belə bir xatirə lövhəsini kəndin mərkəzində ucaltmağa görə o vaxtkı hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən hədə-qorxulara məruz qalan coğrafiya müəllimi Ənnam Əmrayev istəyinə nail ola bilmişdi. 20 Yanvar şəhidlərinin 40 mərasimi həmin abidənin önündə keçirilmişdi. Amma təzyiqlər öz işini gördü və Ənnam müəllim doqquz aydan sonra 35 yaşında müəmmalı şəkildə vəfat etdi. İndi isə bu abidə kəndin müqəddəs ziyarətgahlarından birinə çevrilib. Abidənin önündən keçən kəndlilər şəhidlərin ruhuna dualar oxuyur, xatirələrini yad edirlər.

Müəllif | Apa.Tv
Apa.tv