30 il sonra cəsədi tapılan döyüşçü Əli Hüseynovun ailəsi APA TV-yə danışdı
“Anası gözləri yolda öldü. O da çox istəyirdi ki, heç olmasa bir tikəsi də olsa, tapılsın. Bu ağır dərdlə də dünyasını dəyişdi”.
Bu sözləri APA TV-yə 1993-cü il avqustun 6-da Xocavənd rayonunun Məlikcan kəndi istiqamətində itkin düşmüş Əli Heydər oğlu Hüseynovun qardaşının həyat yoldaşı deyib. Füzuli rayonunun Yuxarı Yağlıvənd kənd sakini olan Əli Hüseynovun meyit qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanıb.
Hazırda Beyləqanda yaşayan yaxınları bildirib ki, I Qarabağ müharibəsi başlayanda Əli tanışları ilə birgə doğma kəndi Yağlıvəndin müdafiəsinə qalxıb. O, sonradan könüllü bataliyonlarına qoşularaq düşmənə qarşı mübarizəsini davam etdirib.
“Biz də daim onun yolunu gözləyirdik. Həmişə gedib, uğurla qayıdırdılar. Çox ağır idi, tez-tez kəndimizə hücumlar olurdu. Hər döyüşdə iştirak eləyirdi. Çox cəsur oğlan idi, qəhrəman idi. Həmişə döyüşlərdə irəli gedən oğullardan biri olub. 1993-cü ildə avqust ayında döyüşlərə getdi və qayıtmadı. O gündən bu günə kimi onu həmişə axtarmışıq, bir xəbər çıxmayıb. Anası da onun yolunu gözləyə-gözləyə dünyasını dəyişdi”.
Əlinin qardaşı Müşfiq Hüseynov bildirib ki, Məhkəmə Tibbi Ekspertizanın cavabı, şəxsiyyətin müəyyən edilməsilə bağlı onlara bir neçə gün öncə məlumat verilib: “İki-üç gün sonra da mətbuata açıqlandı ki, həqiqətən Hüseynov Əlinin nəşi tapılıb”.
Bir neçə uğurlu əməliyyatdan sonra Əli Hüseynov Xocavənd rayonu istiqamətində qatıldığı sonuncu əməliyatdan geri qayıtmır: “Əli hücum əməliyyatının səhəri günü təşkil edilən digər döyüşdə öz bölüyü ilə yox, başqa uşaqlarla gedib və geri qayıtmayıb. Orda deyilənə görə mina partlayıb, minanı zərərsizləşdirirmiş. O gecədən sonra xəbər ala bilməmişik. Bu günə kimi axtarmışıq. Gözümüz yolda olub. Hər yerdə axtarmışıq. 2009-cu ildə anam, 2014-cü ildə atam onun yolunu gözləyə-gözləyə rəhmətə getdi”.
Müşfiq Hüseynov qardaşının meyitinin qalıqlarının yaxın günlərdə onlara veriləcəyini bildirilib.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayında işğaldan azad edilmiş ərazilərdə 500-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Onlardan 15-nin şəxsiyyəti artıq müəyyən olunub.