30 il sonra düşmən hədəfindən uzaq ilk çərşənbə - TƏRTƏRDƏN REPORTAJ

Torpaqlar şumlanır, ağaclar budanır, ev-eşik təmizlənir. Çünki bu gün Novruz bayramın gəlişini bildirən, yazın qaranquşu hesab edilən su çərşənbəsidir. Artıq bolluq, bərəkət və firavanlıq rəmzi sayılan Novruzun nəfəsi duyulmaqdadır:

APA TV-nin yerli bürosunun xəbərinə görə, hər yerdə olduğu kimi, Tərtərin Borsunlu kəndinin sakinləri də bu il ilk çərşənbəni daha coşqu ilə qeyd edirlər. Çünki 30 ildir ermənilərlə təmas xəttində yaşamaq məcburiyyətində idilər. Bu səbəbdən nə çərşənbələri istədikləri kimi qeyd edə, nə də təsərrüfat işləri ilə rahat məşğul ola bilirdilər. Amma indi o günlər arxada qalıb. Çünki Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, artıq təmas xətti yoxdur, cəhənnəmə getdi, gorbagor oldu. Azərbaycan Ordusu bu xətti darmadağın etdi, bu anlayışı tarixin arxivinə göndərdi.

Deyirlər, təbiətdə hər şeydən əvvəl su yaranıb. Su həyat mənbəyidir, müqəddəsdir. Suyu murdarlamaq olmaz.

İsrail dayının 65 yaşı var. Deyir ki, gənclik illərimizdə çərşənbə tonqalları kəndin ən hündür yerində qalanardı. Bizim çərşənbə tonqallarımız nəinki ətraf kəndlərdən, bütün ətraf rayonlardan da görünərdi:

Təzə ilin başlanğıcında qadınların da görəcəyi işi az deyil. Köhnə ilin, qışın hisli-paslı çirkindən qurtulmaq üçün qollarını çırmalayıb təmizlik işlərinə başlayırlar:

Təmizlik işləri bitdikdən sonra isə bayram aşının hazırlanması başlayır. Qız-gəlinlər bayram şirniyyatları hazırlayır, evin daha təcrübəli xanımları isə bayram aşını bişirirlər.

Günün sonuna doğru isə gənclər öz üzərinə düşən işi – tonqalı yandırmağa başlayırlar. Sanki hər kəs daha böyük tonqal yandırmaq üçün bir-biri ilə yarışa girir. Çünki 30 ildir bu anın həsrəti ilə yaşayıblar. İndi düşmən hədəfindən daha uzaqdırlar. Bunu isə Vətən Müharibəsində qanı ilə, canı ilə tarix yazan igid qəhrəmanlarımıza borcludurlar.

Hər il yalnız bir arzuları vardı. İnşallah, növbəti ili işğal altında olan torpaqlarımız azad olunsun və bu bayramı həmin torpaqlarda qeyd edək. Nəhayət, 30 il sonra bu arzu gerçəkliyə çevrildi.

Hava qaraldıqdan sonra yavaş-yavaş hər kəs evə yığışır. Bir süfrə ətrafına. Və budur, gün boyu əziyyətlə hazırlanan ilk çərşənbənin aşı süfrəyə gəlir. Hər kəsə nuş olsun.

Su çərşənbəniz mübarək!

 

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV, Tərtər

 

Müəllif | Apa.Tv
Apa.tv