30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Gülalı Dadaşovun qalıqları ailəsinə təhvil verilib. Əvvəlcə, Bakıda şəhidin ailə üzvlərinin yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Gülalı Dadaşovun qalıqları Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonun Əbürrəhmanlı kəndində itkin düşüb. Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.

LƏMAN SALEHOVA VÜSAL BAYRAMOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv