30 ildən artıqdır qazsız qalan Rüdəkənar - ARAŞDIRMA

Masallıda Rüdəkənar kəndinin sakinləri üçün sərt qış geridə qalsa da, 30 ildir davam edən yanacaq problemi onlar üçün hələ də davam edir.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, 1080 nəfər əhalinin yaşadığı kəndin yaxınlığına qədər hələ 1980-ci illərin sonunda qaz xətti çəkilib. Bu, sakinləri sevindirsə də, bu çox çəkməyib. Çünki qonşu kəndlər qazlaşdırılıb, Rüdəkənar isə yox:

- 30 il bundan qabaq qaz xətti düz bizim kəndin ortasına qədər gəldi, ondan əvvəl bizdə qaz olmayıb. Sonra da birləşdirmək qalıb, yolda görərsiniz ki, qaz xətti kəsilib. O iki kənddə qaz verilib, bizim kəndə qazı kəsiblər, bu tərəfə qaz gəlmir. Magistral qaz xətti var, bir dənə qalıb evlərə xətt vermək. 

Yanacağa olan tələbat qazlaşdırılmayan kəndin sakinlərini oduncaqdan istifadə etməyə məcbur edir, amma bu da problemdən tam çıxış yolu deyil: 

- Bütün qışı bizim camaat əziyyət çəkir, kənddən qıraqda yaşayan bizim həmkəndlilərimiz gəlirlər onlardan cürbəcür yollarla odun alırıq, yaza-yaya çıxırıq. Böyük bir problem var, dəfələrlə kənd camaatı, ağsaqqallar müxtəlif orqanlara müraciət ediblər. Müraciətlərə baxılmır demək istəmirəm, baxılır. Ancaq bu atır onun üstünə, o atır bunun üstünə. Son nöqtəyə gəlib çıxa bilmirik. Dövlətin müvafiq orqanları bizə kömək eləsin və tezliklə, heç olmasa, 2021-in qışını biz mavi yanacağın istisində keçirək.

- Hər dəfə bizi aldadıcı cavablarla susdururlar. Şikayətləri göndərirlər Lənkəran regional mərkəzinə, hansı ki, onun səlahiyyətlərinə aid deyil. Heç olmasa özləri cavab versinlər ki, bəs nə üçün qaz yoxdur. Hər bir evə qışda heç olmasa 2-3 maşın odun lazımdır, bunun da pulu bəlkə 1000 manata yaxın edir. 1000 manat da bu camaatda yoxdur, məcbur oluruq ki, qadınlar gedirlər başında çör-çöp gətirib yandırırlar ki, uşaq səhər məktəbə gedir, ona isti lazımdır, ona çay qoymaq lazımdır”. 

Kənd sakinləri deyir ki, vəziyyət göz qabağında olsa da, aidiyyəti qurumlar problemi görməzlikdən gəlir. Kənd icra nümayəndəsi Rövşən Qurbanov isə APA TV-yə bildirildi ki, məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilib: “Müraciətə əsasən RİH Nazirlər Kabinetinə və qaz idarəsinə ünvanladığı məktuba əsasən İqtisadiyyat Nazirliyi tərəfindən bildirilib ki, növbəti illərdə dövlət büdcəsi çərçivəsində qazlaşdırmaya baxılacaqdır. Bu qazlaşmayla bağlı 30 il bundan əvvəl magistral xətt çəkilib və hazırda o magistral xətt işlək vəziyyətdə deyil. Yeni qaz xətlərinin çəkilməsinə ehtiyac vardır. Cənab Prezidentin sərəncamıyla bu kəndə yol çəkilib, işıq xətləri tam normal vəziyyətdədir, telefon xətləri var. Bir qaz problemi var, hazırda əhali oduncaqdan istifadə elədiyi üçün bu da müəyyən çətinliklər yaradır, ekologiyaya həm ziyan vurur, həm də odun əldə edilməsi üçün onlara müəyyən kvotalar verilib. O mənada ki, onlar gedib qurumuş ağacları nəzarət əsasında gətirib istifadə edirlər”. 

Ümid edirik ki, müvafiq qurumlar kənd sakinlərini öz arzularına çatdıracaq. Heç olmasa 30 ildən sonra rüdəkənarlılar bu ilin qışını öz isti evlərində oduncaqsız keçirəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv