“30 ildən sonra bir daha Azərbaycan ərazilərdə Azərbaycan qanunları işləyəcək”
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Beləliklə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün Bakının təklif etdiyi Ağdam-Xankəndi yolu 30 ildən sonra işə düşdü. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR yük Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunundan keçərək Xankəndinə gedib. Bu yolun açılması Azərbaycanın diplomatik cəbhədə əldə etdiyi ən önəmli uğurlardan biridir. Bunu kanalımıza deputat Tural Gəncəliyev deyib. O əlavə edib ki, Ağdam-Xankəndi yolunun açılması həm də Qarabağdakı ermənilərin daha asan və effektli şəkildə reinteqrasiya edilmələri, eyni zamanda silahlı separatçıların tərkisilah edilməsi istiqamətində atılmış mühüm addımdır. Deputat onu da vurğulayıb ki, yolların bloklanmasına görə Azərbaycanı ittiham etməyə çalışanlar Ermənistanda və Xankəndidəki separatçı rejimdə təqsiri axtarmalıdırlar. Deputat Cavid Osmanov da Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən 1 TIR yük Ağdam-Xankəndi yolundan keçərək Xankəndiyə getməsini Bakının növbəti diplomatik qələbəsi adlandırıb. O əlavə edib ki, atılan bütün addımlar bir daha onu göstərir ki, Azərbaycan müstəqil siyasət yürüdür və hər hansı xarici güc, təzyiq və diqtəsi ölkə ərazisində keçərli deyil Deputat əlavə edib ki, bu uğurdan sonra Laçın dəhlizi anlayışı gündəlikdən çıxır və Ağdam və Laçın yollarının parallel olaraq işləməli olduğunu hər kəs qəbul etmiş olur. Hadisələr onu göstərir ki, yaxın zamanlarda 30 ildən sonra bir daha Azərbaycan ərazilərdə Azərbaycan qanunları işləyəcək. Fuad Sadıqov APA TV