30 yaşında çıxdığı evinə 30 ildən sonra qayıdan kinomexanik - REPORTAJ

Düz 30 ildən sonra yenidən öz doğma yurd-yuvasına doğru yol alıb Namiq Hüseynov. Xocavəndlilər onu “Kino verən Namiq” kimi tanıyır, ixtisası isə kino mexanikdir.

 

APA TV-nin xəbərinə görə, Namiq Hüseynov yaşadığı Xocavənd rayonunun Axullu kəndini 1992-ci il yanvarın 9-da tərk edəndə 30 yaşı olub. Həmin vaxt evlərindən heç bir əşya çıxara bilməyiblər.

 

Ermənilər kəndə hücum çəkəndə həmkəndliləri ilə birlikdə döyüşə-döyüşə öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb. 30 ildən sonra - 60 yaşında ilk dəfə kəndinə, öz doğma evinə qayıdıb.

 

Digər ərazilər kimi, ermənilər Axullu kəndində də daşı daş üstə qoymayıblar. Elə buna görə də evinə getmək istəyən Namiq yolu tapmaqda çətinlik çəkib.

 

Evinin yolunu tapmaq üçün tanıdığı ev istiqamətində gedir. Və budur, qonşusu, kəndin ilk şəhidi olan 1949-cu il təvəllüdlü Qəhrəman Nəcəfovun evini tapır.

 

Namiq Hüseynov deyir ki, kəndi tərk edəndə ermənilər zəbt etdikləri ilk evləri yandırmağa başlayıblar. Bunu görən Qəhrəman Nəcəfov geri qayıdıb və yenidən ermənilərlə döyüşməyə başlayıb. Qeyri-bərabər döyüşdə öz həyətinin yaxınlığında şəhid olub.

 

Namiq Hüseynov, nəhayət, öz evinin qalıqlarını tapır. Amma onun ikimərtəbəli evindən əsər-əlamət qalmayıb. Halbuki 1991-ci ildə ermənilər qonşu Edilli kəndindən məktəbliləri çıxaranda, Axullu kəndinin şagirdləri onun evində təhsil almağa başlayıb. Çünki kəndin məktəbi olmayıb. Bir vaxtlar kəndin ilk təhsil ocağına çevrilən həmin evdən indi heç bir nişanə qalmayıb: “Şükür ki, bu gün azadlığa çıxdıq. Möhtərəm Prezidentimizin sayəsində, Müzəffər Ordumuzun sayəsində. Xocavəndlilər adından, bütün Axullu kənd sakinləri adından və öz adımdan Ordumuzun Ali Baş Komandanına və Müzəffər Odumuza öz təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza da kömək olsun! Bu torpaqları onlar qaytardı bizə”.   

 

Bütün bunlara baxmayaraq, Namiq Hüseynov çox sevinir. Çünki yenidən doğma yurd-yuvasını görmək ona qismət olub.

 

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv