30 yaşlı gəncin köməyinizə ehtiyacı var - SOS
Səid Abdullayev nə ayağa qalxa, nə də hərəkət edə bilir. Ömrünün baharında xəstə yatağına məhkum olub. 30 yaşlı Səid bu günə kimi fəhləlik edərək ailəsini dolandırıb. Son günlər isə vəziyyəti anidən pisləşib. Atası Elşad Abdullayev deyir ki, oğlunu xəstəxanaya aparanda heç ağlına gəlməzdi ki, ona qaraciyər sirrozu diaqnozu qoyulacaq: “Oğlum işdən gəldi, yeməyini yedi yatdı. Səhər qəflətən onun vəziyyəti pisləşdi, apardım həkimə, yoxladılar, dedilər ki, bunun qaraciyəri əldən gedib. Göyçay xəstəxanasından Bakıya əməliyyat üçün göndəriş vermədilər, özüm çarəsiz qaldım apardım Bakıya Mərkəzi Klinikaya. Orada Tariyel həkim dedi ki, onun vəziyyəti ağırdır, bir həftə ərzində qaraciyəri cərrahiyyə yolu ilə götürülməlidir, başqa adamın ciyəri ona köçürülməlidir. İmkanlı adamlardan köməklik istəyirəm, mənim 50 min manatım yoxdur. Xahiş edirəm, yalvarıram köməklik edin, balam ayağa qalxsın. Hamıdan yardım istəyirəm”.
Qaraciyər sirrozundan əziyyət çəkən Səidin sağlamlığına qovuşması üçün təcili cərrahiyə əməliyyatına ehtiyac var. Qaraciyər transplantasiyası üçün xəstəxanadan tələb olunan böyük məbləğdə maddi vəsait tapılmasa nəvəsinin öləcəyini deyən gözüyaşlı Vəzifə nənə onu həyata qaytarmaq üçün imkanlı şəxslərdən yardım istəyir: “Səidin qaraciyəri, böyrəkləri, dalağı şişib. Mingəçevir və Göyçay xəstəxanalarında buna əlac olmadı, Bakıya Mərkəzi Klinikaya apardıq. Orada əməliyyat olunmalıdır. Hamıdan köməklik istəyirəm. On günün içində nəvəm xəstələndi yatağa düşdü, Qaraciyəri təcili əməliyyat olunmalıdır. Bu fəhlə adamdı, bunun 50 min manatı yoxdur, Prezident İlham Əliyevdən, Mehriban Əliyevadan köməklik istəyirəm. Nəvəmin 30 yaşı var, subaydır, hələ nə gün görüb, təcili bir həftəyə əməliyyat olunmasa öləcək”.
İndi Səidin həyata dönməsi üçün 50 min manat vəsait lazımdır. Kömək etmək istəyənləri, imkanlı şəxsləri Səidə ümid olmağa, onun hər gün sönməyə davam edən həyatına işıq tutmağa dəvət edirik. Bir ovuc mərhəmət bir insanın həyatını xilas edə bilər. Əgər siz də yatağa məhkum qalan Səidi xilas etmək istəsəniz (050) 471-74-82 mobil telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.