300-dən çox sakini olan kənd susuz qalıb – ŞABRANDA

Şabranın Leyti kənd sakinləri içməli su sarıdan əziyyət çəkir.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 300-dən çox sakini olan kəndin içməli su ehtiyacını kəndin mərkəzində qurumaqda olan bulaq ödəyir.

Lətifə Dəmirova deyir ki, 10 litrlik su qabını doldurmaq üçün təxminən 30 dəqiqədən çox vaxt lazım olur: “Mənim 71 yaşım var. Gəlirəm iki balaca qabla. Evdə iki balaca nəvəm var, onlar su istəyir. Əvvəlcə suyu həll edin, sonra məktəbi. Mən necə edim a bala?!”

Problemdən çıxış yolu kimi sakinlərin bəziləri suyu pul ilə alır. 10 tonluq su maşınlarına təqribən 70 manata kimi pul xərcləyirlər. Zakir Abduləzimov deyir ki, yayda suya tələbatın artması nəticəsində bu məbləğ daha da artır: “Malı, heyvanı, təsərrüfatı olan adamlar bu sudan çox çətinlik çəkir. Mən bu il 3 dəfə maşınla su gətirtmişəm. 70 manat verib su almışam. O da bir həftə getmir heç. Çox çətinlik çəkirik”.

Gülağa İsrafilov isə su çatışmazlığına görə, kənddən köçmək istədiklərini bildirir: “Təsərrüfatımız sıfır səviyyəsindədir. Ona görə də məcbur oluruq ki, bu kəndlərdən köçüb gedək. Çünki imkan yoxdur. Susuzluq nəinki insanlara, təbiətə də təsir edib. Ağaclarımız da quruyub”.

Kənd sakini Əntiqə Abduləzimova da suyun olmamasından gileylənir: “Bizim su, yol, qaz, məktəb problemimiz var. Gördünüz ki, biz nə zülümlə burdan su aparırıq. Mənim 65 yaşım var, mən səhərə kimi bulağın başında dayanıb evimə bir qab su aparıram”.

Şabran RİH başçısının Gəndov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Siracov deyir ki, rayon mərkəzindən 15 kilometr məsafədə yerləşən kənddə içməli su probleminin həll olunması üçün aidiyyəti orqanlara müraciət olunub: “Leyti kəndində içməli su ilə bağlı problemlər var. Bu problemlərlə bağlı aidiyyəti orqanlara müraciət olunub. Hal hazırda Şabranın Taxtalar və  Günəşli kəndlərində su xətləri çəkilir. Planlaşdırılıb. Növbəli şəkildə gələcəkdə Leyti kəndinə də  içməli su ilə bağlı artezianların vurulması nəzərdə tutulub”.

Qeyd edək ki, bu il Şabranın Pirəmsəm və Çölquşçu kəndlərində artezian quyularının qazılması nəzərdə tutulub. Leyti kəndinin adı isə bu siyahıda yoxdur.

 

Müəllif | Apa.Tv
Apa.tv