33 ölkənin diplomatları Laçına getdilər
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başlayıb. Diplomatik korpus, o cümlədən hərbi attaşelər təyyarə ilə Zəngilan Beynəlxalq Hava Limanına eniş ediblər. Səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe iştirak edir.
Laçında səfərdə olan xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribat haqqında məlumat verilib. Bildirilib ki, silahlı təxribata qədər sərhəd keçid məntəqəsi açıq olub, Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.
Bildirilib ki, hazırda da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi təxliyəyə şərait yaradılır. Başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi, yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı müvəqqəti istintaq tədbirləri həyata keçirilir.
Xarici diplomatların diqqətinə o da çatdırılıb ki, Ermənistan tərəfi sərhəd-gömrük buraxılış məntəqəsindəki hazırkı vəziyyətdən təbliğat vasitəsi kimi istifadə edir. Belə ki, bəzi Avropa siyasətçiləri də gəlib körpünün digər hissəsində dayanıb, həqiqəti əks etdirməyən birtərəfli məlumatlar paylaşırlar. Bu vəziyyətdən öz piar kampaniyaları üçün istifadə edirlər.
Diplomatlar yenidənqurma və bərpa işləri ilə də tanış olublar. Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirilib. Qonaqlar artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.
Diplomat həmçinin Laçın yolu ilə bağlı vəziyyətə də toxunub. Onun sözlərinə görə, Laçın yolu ilə bağlı bütün məsələlər imzalanmış saziş çərçivəsində öz həllini tapmalıdır.
“Əminəm ki, Laçın rayonunun iqtisadi potensialı böyükdür”.
Bu sözləri isə Qazaxıstan səfiri Alim Bayel deyib..
Diplomatlar Aqro Sənaye Parkını da ziyarət ediblər. Onlara sənaye parkının imkanları, gələcək perspektivləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Aqro Sənaye Parkı Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyətə malikdir. Burada 46 şirkət fəaliyyət göstərəcək və ümumilikdə 1200-ə yaxın laçınlı işlə təmin ediləcək.
Laçında səfərdə olan xarici diplomatlar Laçın şəhərindəki Bayraq meydanı, Heydər Əliyev küçəsi ilə tanış olublar. Onlara Heydər Əliyev küçəsində yerləşən tikililərin bərpa edildiyi bildirilib. Bərpa işləri zamanı binaların əvvəlki görkəmini itirməməsinə xüsusi nəzarət edildiyi diqqətə çatdırılıb.
Daha sonra diplomatik korpus nümayəndələri Zabux kəndində olublar. Onlara məlumat verilib ki, 30 ilə yaxın davam etmiş işğal dövründə kənd tamamilə dağıdılıb, məhv edilib. Hazırda isə Zabuxda genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir.
Fuad Sadıqov
Xəyal İskəndərov