4 avtomobil oğurlayan şəxs yaxalandı – MARKET VƏ EVDƏN DƏ OĞURLUQ EDİB
Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb.
DİN mətbuat xidmətin APA TV-yə verilən xəbərə görə, Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayev 12-ci Polis Şöbəsinə şikayət edərək “VAZ-2107” markalı avtomobilinin oğurlandığını bildirib.
Daha 3 nəfər də oxşar məzmunlu şikayətlərlə polisə müraciət edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov tutularaq istintaqa təqdim edilib.
O, ümumilikdə 4 avtomobil qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələrini sökərək satdığını bildirib. Hacı Məmmədov ifadəsində Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib.
Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.