4 avtomobil toqquşub, xəsarət alanlar var - Bakıda

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, hadisə Binəqədi şossesində qeydə alınıb.

Qəza zamanı 4 avtomobil toqquşub. Fatimə Əliyeva idarə etdiyi “Nissan” markalı avtomobillə “Subaru” markalı minik maşının qarşısına çıxıb. Nəticədə qəza baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə Fatimə Əliyeva ötmə əməliyyatı etmək istəyib və onun idarə etdiyi avtomobil “Subaru”ya çırpılıb. Zərbənin təsirindən hərəkətdə olan “Volkswagen” və “Chevrolet” markalı minik maşınları da yol qəzasının iştirakçısına çevrilib.

Avtoqəza nəticəsində “Nissan”ın sürücüsü 27 yaşlı Fatimə Əliyeva ağır, “Subaru” markalı avtomobillərin sürücüsü isə müxtəlif bədən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı əraziyə yanacaq dağıldığından, sürücü və sərnişinlər avtomobillərdə sıxılıb qaldığından Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub, zərərçəkmiş şəxslərə köməklik göstərilib.

Qeyd edək ki, hadisənin qeydə alındığı avtomobil yolunda güclü tıxac da yaranıb, hərəkət bir neçə dəqiqəliyə məhdudlaşdırılıb.

Yol qəzasının təfərrüatları Binəqədi polisi tərəfindən araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv