41 ilin müəllimi evinə çörək ala bilmək üçün diləndi
Ucarda 41 ilin müəllimi evinə çörək ala bilmək üçün dilənmək məcburiyyətində qaldığını deyir. Qaynar xəttimizə etdiyi şikayət əsasında problemindən xəbərdar olduğumuz Ucar 1 nömrəli orta məktəb liseyinin fiziki tərbiyə müəllimi Sevil Ələddin qızı Şirəliyevanın sözlərinə görə, o məzuniyyət pulunu ala bilmədiyi üçün belə bir çətin duruma düşüb. Müəllimənin bildirdiyinə görə ötən il 6 ay 15 gün müddətində xəstəliyi ilə əlaqədar məzuniyyətə çıxmalı olub. Bu zaman ona ödənilməli olan vəsait verilməyib. Gözü yolda qulağı səsdə xəstəliyə görə çıxdığı məzuniyyətin pulunu gözləyən müəllimə bu yay yeni bir sürprizlə qarşılaşıb. Bu il də məktəblər yay tətilinə buraxılan gündən indiyə kimi qanunla ödənilməli olan məzuniyyət pulunu ala bilmir. 66 yaşlı müəllim qız övladı ilə yaşayır. Qızı işləmədiyindən evin yükü Sevil Şirəliyevanın çiyinlərinə düşür. Müəllim deyir ki, iki nəfərlik ailəyik, gözümüzü dikmişik pensiyama, onu da bilmirik hara xərcləyək. Əməliyyat bir tərəfdən, dava-dərman bir tərəfdən sıxışdırır, evin dərdi də bu yandan. İş o yerə gəlib ki, qocaman müəllim məcbur qalıb təhsil verdiyi şagirdlərindən pul istəyir. Sevil Şirəliyeva deyir ki, üzləşdiyi problemlə əlaqədar döymədiyi qapı, yalvarmadığı məmur qalmayıb. Onun sözlərinə görə, təhsil şöbəsindən ümumilikdə 4000 manata kimi alacağı var. Müəllimənin iddiaları ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovla əlaqə saxlamağa cəhd etsək də alınmadı. Dəfələrlə zəng etməyimizə baxmayaraq təhsil idarəsinin müdiri, nə onun müavini telefonlara cavab verdi. Məsələyə şifahi olaraq münasibət bildirən Ucar Təhsil Sektorunun müdir əvəzi Zaur Rüstəmov bildirdi ki, ölkədə regional təhsil şöbələri yaranandan sonra eyniləşmə kodu ilə bağlı çətinliklər yaranıb. “Bu səbəbdən də pedaqoqların bəzi problemlər yaşayırlar. Məsələnin həlli ilə bağlı işlər aparılır”- deyə, Zaur Rüstəmov qeyd edib.