42 ildir məktəb niyə TƏMİR OLUNMUR?

Xaçmazın Yergüc kənd tam orta məktəbi 1980-ci ildən fəaliyyətə başlayıb. 640 şagirdlik təhsil ocağı düz 42 ildir ki, əsaslı təmir olunmayıb. Hazırda məktəbdə 388 şagird təhsil alır. Ötən illə müqayisədə şagirdlərin sayı xeyli azalıb. Məktəbin direktoru Məhəbbət Zeynalova deyir ki, buna səbəb təhsil ocağının təmirsiz olmasıdır: “Bu ərazidə yaşayan şagirdlərin digər məktəblərə getməsinə səbəb olur. Sinif otaqları yararsız vəziyyətdədir. Yağıntılı vaxtlarda ikinci mərtəbədə olan bütün sinif otaqları damır. Bu da xüsusən qış aylarında şagirdlərin davamiyyətinə çox pis təsir edir. Məktəbdə həmçinin su problemi var. Sinif otaqları çox böyük olduğuna görə qızdırmaq çox çətin olur”.

Məktəbin müəllimi Ruslana Meydəninova deyir ki, “Wi-Fi”mız var, amma heyf ki, odun peçlərindəyik, tüstüdən dərs keçmək olmur: “Bizim sinif otaqlarına yağıntı düşür, damır hər yer. Bir gün gəlirsən ki partanın üzərində su var. Onu təmizləmək üçün bir 15 dəqiqəmiz ona gedir. Bəzi sinif otaqlarının qapısı, bəzilərinin pəncələri yoxdur”.

Məktəbdəki hazırki vəziyyət  təhsilin keyfiyyətinə də mənfi təsir göstərir. Bu hal şagirdləri və valideynləri də narahat edir.

Quba-Xaçmaz Təhsil İdarəsinin Xaçmaz Sektorundan APA TV-yə verilən məlumata görə, rayonda ümumilikdə 21 qəzalı, 18 əsaslı təmirə ehtiyacı olan məktəb binası var. 2023-2024-cü ildə 6 məktəbin əsaslı təmir olunması nəzərdə tutulub ki, onlardan biri də Yergüc kənd orta məktəbinin binasıdır.

Belə görünən odur ki, məktəb kollektivi və şagirdlər hələ bir müddət də üşüməli, stol üstündən su təmizləməli olacaqlar.

Müəllif | Apa.Tv
Apa.tv