47 günlük axtarış bitdi: 10 yaşlı Nərmin dəfn edildi

Tovuzda qətlə yetirilib, meyiti yandırılan 10 yaşlı Nərmin Quliyeva dəfn edilib.

APA TV-nin qərb bürosunun məlumatına görə, N.Quliyeva Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb. 

47 gün əvvəl itkin düşən Nərminin dəfnində
 Milli Məclisin deputatı Qənirə Paşayeva, həmçinin rayon rəhbərliyi iştirak edib.

Qeyd edək ki, ötən ilin noyabrın 21-də itkin düşən N.Quliyevanın meyiti bu il yanvarın 6-da evlərinin yaxınlığında yanmış vəziyyətdə aşkarlanıb.

Meyitin ekspertizanın ilkin nəticəsi göstərib ki, qız 3-4 gün əvvələ qədər yaşayıb, onun baş nahiyəsində zərbə izi müəyyən edilib.

5-ci sinif şagirdi olan Nərminin müəllimi Rəna Yusibova onun məktəblə bağlı heç bir probleminin olmadığını deyib.


Milli Məclisin deputatı Qənirə Paşayeva hadisəni insanlıq adına ləkə adlandırıb.

Xatırladaq ki,  Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb edilib. 




 

 

 

Müəllif | Apa.Tv
Apa.tv