490 şagird təhsil almaq istəyir, amma... - ƏN BÖYÜK KƏNDDƏ NİYƏ MƏKTƏB BİNASI TİKİLMİR?

490 şagird alır bu məktəbdə. Əgər, məktəb demək olarsa. Söhbət Sabirabadın Qalağayın kəndində yerləşən Əli Qurbanov adına məktəbdən gedir. Azərbaycanın ən böyük kəndlərindən biri olsa da, valideynlər kənddəki təhsil ocağının hazırkı vəziyyətindən şikayətçidirlər. Müəllimlər də narazıdır. Onlar da uçuq-sökük sinif otaqlarında, yayda istidə, qışda odun peçinin tüstüsündə şagirdlərə təhsil verə bilmirlər. Sinif otaqlarının pəncərələri, döşəməsi yox, tavanı adamın üstünə uçur. Valideynlər deyir ki, hər il söz verirlər məktəb tikiləcək. Amma bu elə söz olaraq qalır.

Məktəbin direktoru Fəridə Ələkbərova deyir ki, uzun illərdir məktəb istifadə edilir. Təhsil ocağının qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyəti orqanlara məlumat verilib. Yaxın zamanda yeni məktəb binasının tikintisinə də başlanılacaq: “Məktəbimiz 30-cu illərdən fəaliyyət göstərir. Sabirabad rayonunun ən qədim məktəblərindən biridir. Məktəbimiz 3-4 korpusdan ibarətdir. Məktəbimiz qəzalı vəziyyətdə olsa da, şagirdlərimiz də, müəllimləri də yüksək nəticələr əldə edirlər. Davamiyyətimiz yüksək səviyyədədir. Məktəbimizin qəzalı vəziyyətinə görə biz müraciət etmişik Təhsil Nazirliyinə. Sağ olsunlar bu il üçün tikinti planlaşdırılıb. Artıq may ayından məktəbimizə tikinti təşkilatları gəlməyə başlayıb. Məktəbin smetası da hazırlanıb... Oktyabrın 2-3-ü tikintiyə başlamalıdırlar. 2023-cü ilin sentyabrına kimi yeni məktəbin tikintisi başa çatacaq. 3 mərtəbəli, 3 korpuslu yeni məktəb istifadəyə veriləcək”.

Məsələ ilə bağlı Sabirabad Mil-Muğan regional təhsil idarəsinə də müraciət etdik. İdarənin mətbuat katibi Vilayət Əliyevin sorğumuza cavab isə bunlar oldu: “Sabirabad rayon Qalağayın kənd tam  orta məktəbinin yeni binası, köhnə məktəb binasının yerində tikiləcək. Aparılacaq söküntü işləri ilə əlaqədar akt hazırdır. Hazırda məktəbin layihə smeta sənədləri hazırlanır. Növbəti il məktəb üçün yeni binanın tikilməsi nəzərdə tutulur”.

Belə, ümid edirik ki, bu dəfə deyilən və verilən vədlər sadəcə kağız üzərində qalmaz. Növbəti ildən şagirdlər müasir tipli, yeni məktəbdə oxumağa başlayarlar.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV, Sabirabad

 

 

Müəllif | Apa.Tv
Apa.tv