5 dəfə ölümdən dönən 5 yaşlı Murad... - ÜRƏK QÜSURLU OĞLAN KÖMƏK GÖZLƏYİR
“Murad nəinki Azərbaycan, hətta Almaniya üçün maraqlı insandır. Onun ürəyi qeyri adi quruluşa malikdir. İstərdim ki, Muradın yaşamasına hər kəs köməklik etsin.”
5 yaşında ürək qüsuru olan Murad Novruz oğlu Hacızadənin anası Elza Paşayevanın çarəsiz yalvarışlarıdır bu. Oğlunun yaşaması üçün illərdir mübarizə aparır. Murad anadangəlmə qeyri-adi ürək qüsuru ilə doğulub. Anası deyir ki, körpəsi hələ onun bətnində olarkən ürək qüsurlu doğulacağı ilə bağlı həkimlərin rəyi olub. Hətta körpənin abort edilməsi təklif edilib. Lakin 48 yaşlı ana “Tanrının lütfüdür” deyib, yeganə övladının doğulmasını gözləyib. Həkimlərin dediyi kimi - Murad ürək qüsurlu dünyaya gəlib. 5 yaşlı Murad 5 dəfə ürəyindən əməliyyat olunub. Türkiyə, Yunanıstan və Rusiyada müayinələrdən keçən Muradın dərdinə çarə nəhayət Almaniyada tapılıb: “Berlin Mərkəzi Kardiologiya Xəstəxanasında Murad müayinə edildi və orada açıq ürək əməliyyatı olunması barədə qərar qəbul edilir. Amma əməliyyatdan cəmi 1 faiz çıxma şansı olduğunu dedilər. Möcüzə baş verdi. Bundan sonra 3 dəfə qapalı əməliyyat keçirən Murad sonuncu əməliyyatı 2019-cu ilin aprel ayında girib”.
13 saat davam edən əməliyyatdan sonra balaca Murad normal insan kimi yaşayacağı ilə bağlı şans qazanır. Lakin müalicə və müayinələri bununla bitmir. Onun hələ qarşıda uzun bir yolu var...
“Bu il də Murad qapalı əməliyyata getməlidir. Azı 50 min manat lazımdır ki, Murad gedib həm müayinə, həm də əməliyyat olunsun. Mən xalqımdan kömək istəyirəm. Siz bu günə kimi Murada yardım etmisiniz. Xahiş edirəm, Muradı yenə də tək qoymayın. Onun yaşamasına kömək edin. Murad mənim yeganə övladımdır, Murad mənim ümid yerimdir. Mənim həyatda yaşama səbəbim Muraddır”.
Həyat yoldaşının sürücü, özünün isə 299 saylı məktəb-liseydə müəllim işlədiyini deyən Elza xanım bildirdi ki, müəllim məvacibi ilə övladının müalicəsini davam etdirə bilmir. Buna görə də xeyirxah insanlardan, imkanlı şəxslərdən yardım istəyir. Balaca Muradın yaşamağı üçün bank hesab nömrəsi açılıb.
MilliÖn AG Bank 336749, təvəllüd 15.12.1965
Yardım etmək istəyənlər həmçinin 050 449 95 85 nömrəsi ilə əlaqə saxlaa bilər.
Çətin vəziyyətdə olan ata-ananı muradlarına çatdıraq!
İlahə Vəliyeva, Musa Qulammirzəyev APA TV