5 dəqiqəyə milyon qazananlar - Sürücülərin pulu hara gedir?

“Tariflər müəyyən olunana qədər parklanma ödənişsizdir”. Bəli, şəhərin istənilən yerində belə lövhələrə rast gəlmək mümkündür. Amma bu yalnız gözdən pərdə asmaq xarakteri daşıyır, həqiqəti əks etdirmir. Hər nə qədər 25 iyun tarixində nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilsə də, hələ ki, bununla bağlı qərar dərc edildiyi tarixdən 30 gün sonra yəni 25 iyulda qüvvəyə minəcək.Özü də bu qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir. Təəssüf ki, qərar qüvvəyə minəcəyi günə sayılı vaxt qalsa da, bundan sui-istifadə edənlərin sayı çoxdur. Biz hələ günbəgün süni şəkildə qaldırılan qiymətlərdən danışmırıq. Elə sürücülər də deyir ki, son günlər onlardan parklanma üçün daha çox ödəniş alırlar. Tarifi də 0 dəqiqədən hesablayırlar. Baxmayaraq ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Elə Qış Parkının altında yerləşən və “Azparking” şirkətinə məxsus yeraltı avtomobil dayanacağında da analoji vəziyyət yaşanır. Burada da tarif 0-dəqiqədən etibarən hesablanır. Ümumiyyətlə bu günə qədər bu ərazilərə kimlər nəzarət edib? Günbəgün artan qanunsuz ödəmələri kimlər tələb edib? Bu vəsait kimlərin cibinə axıb? Suallarımıza cavab almaq üçün AYNA ilə əlaqə saxladıq. Sorğumuza yalnız şifahi cavab ala bildik. O da bir kəlməlik. xala xətrin qalmasın ideologiyası ilə açıqlama verən AYNA belə çıxır ki, təsdiqlənən qiymətlərdən bixəbərdir. Ümumiyyətlə məlum açıqlamadan belə qənaətə gəlmək mümkündür ki, bu günə kimi ölkədə kim harda gəldi şlaqbaum qoyub, qiymət tənzimləyib. Görünən budur ki, özəl şirkətlər boş qalan meydanda at oynadırdılar. Bu səlahiyyəti onlara kimin verdiyini bilməsək də onu deyə bilərik ki, avtomobil parklanma yerlərində qiymətlərin süni şəkildə qaldırılması ciddi qanun pozuntusudur. Tək ümidimiz isə nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğinin təsdiqlənməsi ilə bağlı yeni qərarın qüvvəyə minəcəyi günü gözləməkdir. Deputat Fazil Mustafa da məlum problemlə bağlı ona çoxsaylı şikayətlərin daxil olduğunu bildirdi. Qeyd etdi ki, qərar təsdiqlənsə də hər hansı irəliləyiş yoxdur və hələ ki, gələn vəsait dövlət büdcəsinə deyil, ayrı-ayrı şəxslərin cibinə gedir. Bəli, dayanacaqlarda minlərlə avtomobil var. Minlərlə avtomobil milyonlar pul deməkdir. Bu, təkcə 5 dəqiqə söhbəti deyil, bu, 5 dəqiqəyə yığılan milyonlar deməkdir. Hələ ki, kimin cibinə getdiyini bilmədiyimiz milyonlar. Hər nə qədər aidiyyəti qurumlar dolayısı ilə bu vəsaitlərin özəl şirkət rəhbərlərinin cibinə axdığını desə də... Hə, onu da deyək ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği artıq təsdiq edilib və qərara əsasən nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. AYTƏN SAKİTQIZI KAMRAN NAMAZOV APA TV

Müəllif | Apa.Tv
Apa.tv