Qəbiristanlıqda bacısının başını kəsdi - TƏFƏRRÜAT

Noyabrın 24-də Abşeron rayonunda qətl törədilib. Hadisə Xırdalan şəhərində qeydə alınıb.

“Şəhər sakini Aytən Fərzəliyeva qardaşı Babək Fərzəliyev tərəfindən başı kəsilərək qətlə yetirilib. Hadisəyə səbəb isə qadının qeyri-rəsmi münasibətdən övladı olması olub”.

 

Babək Fərzəliyev qətli anası Kifayət Fərzəliyevanın qəbri üstündə törədib.

Qeyd edək ki, 2014-cü ildə Yeni Yasamal 2, ev 10 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.

Anasını və bacısını itirən 1999-cu il təvəllüdlü Aytən Fərzəliyeva “Uşaqların müvəqqəti sığınacağı reintaqrasiya mərkəzi”nə üz tutub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, qızın sözlərindən məlum olurdu ki, atası Asəf Fərzəliyev onlara qarşı davamlı olaraq şiddət nümayiş etdirib: “1999-cu il təvəllüdlü Aytən Fərzəliyeva 2014-cü ildə həyatına təhülkə olduğu üçün Yasamal rayon prokurorluğu tərəfindən bizim sığıncağa yerləşdirilib. Onun anası və bacısı Yasamal rayonu ərazisində yaşadığı evin 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Daha sonra istintaq zamanı ata istintaqa cəlb olunub. Qızın da bizim sığınacaqda danışdıqlarından məlum olurdu ki, mütəmadi olaraq atası tərəfindən şiddətə məruz qalırdılar. Ailəsində Babək adında qardaşı da varı idi”.

Sığınacağı öz istəyi ilə tərk edən Aytən Fərzəliyeva ailə həyatı qurmaq qərarına gəlib: “3 ay ərzində Aytəndən anasının və bacısının ölüm xəbərini gizlətdik. Bu müddət ərzində isə deyirdi ki, onlar məndən əl çəkməyəcək. 2 il əvvəl isə bizim sığınacaqdan çıxdı. Sevdiyi bir insanla ailə həyatı qurmaq qərarına gəldi. Mən ona dəfələrlə dedim ki, o şəxs sənə uyğun birisi deyil”.

Münasibətdə olduğu şəxslə əlaqələri pisləşən mərhum, yeni dünyaya gələn körpəsi İlə yenidən sığınacaq evinə üz tutub: “Bir neçə ay əvvəl isə Aytən mənimlə əlaqə saxladı. O sığınacağa yerləşmək istəyirdi. Çünki, qeyri-rəsmi münasibətdə olduğu şəxslə münasibətləri artıq pisləşmişdi. Hətta mənə demişdi ki, o adam artıq həbsdədir. Aytən çay evində işləyirdi. Mənə də yazdı ki, dayə tapmışam uşağa baxmaq üçün. Özü də qayInanasının qaldığı həyətdə kirayə qalırdı.  Aytən danışanda deyirdi ki, atam bacımı telefonun naqili ilə boğmaq istəyirdi. Aytən kiçik yaşlarından işləyib evə pul gətirirdi”.

Aytənin qətl edilməsinin bir səbəbi də onun ailəsi ilə birgə yaşadığı ev ola bilər. Hər halda Kəmalə Ağazadə belə deyir. Onun bu versiyanı irəli sürməyə əsası da var: “Düşünmürəm ki, bu tək qardaşının işidir. Bir il öncə atası artıq həbsən çıxıb. Aytən deyirdi ki, atasından qorxur. Bildirirdi ki, onlar məni tutsalar öldürəcəklər. Bu bir neçə il baş vermiş cinayətin sonu idi. Bir neçə müddət öncə mənə zəng edəndə dedi ki, Yasamal rayonundaki evdə mənim də haqqım var. Kömək edin, sənədlərimi düzəldin. Çox güman ki, qətlin səbəbi də evdir. 9 aylıq körpə, hazırda Aytən Fərzəliyevanın qayınanasının nəzarətindədir”.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Elşən Yəhyayev, Xəyal Şükürlü

 

Müəllif | Apa.Tv
Apa.tv