5 rayondan oğurluq edən dəstə üzvləri tutuldu – İSMAYILLI POLİSİ ƏMƏLİYYAT KEÇİRDİ

İsmayıllının Məhsəti küçəsində və rayonun Bizlan kəndi ərazisində yerləşən ərzaq mağazalarından oğurluq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış zamanı məlum olub ki, naməlum şəxslər mağazaların giriş qapılarını sındıraraq oradan ümumi dəyəri 4500 manat olan siqaret, içkilər, telefon danışıq kartları, pul və digər əşyalar oğurlayıblar.

 

Həyata keçirilən əməliyyat nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən 3 nəfər - Qobustan rayon sakini Şirxan Əzizov, Gədəbəy rayon sakinləri Emin Mustafayev və Taleh Bağırov Abşeron rayonu ərazisində saxlanılıblar.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı onların respublikanın bir neçə rayonunda törətdikləri analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, dostların Göyçay, Kürdəmir, Ağsu, Qəbələ rayonlarında ümumilikdə 7 telefon və ərzaq mağazasından oğurluq etdikləri məlum olub.

 

Həmin şəxslərdən oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Digər mobil cihazların isə Emin Mustafayev tərəfindən satıldığı, əldə edilən pulun isə bölüşdürüldüyü məlum olub.

 

Faktla bağlı cinayət işi başlanılıb.


 

Müəllif | Apa.Tv
Apa.tv