50 ildən çoxdur Seneqalla Bakını nə bağlayır?

Neftçilər” metrostansiyasının yaxınlığında, tez-tez yanından keçdiyimiz bu dairənin Afrika ilə bir bağlılığının olduğunu desəm, təəccüblənərsinizmi? Bəlkə də bir çoxlarımız Afrika hara, Bakı hara deyəcəyik?

Elə sakinlər arasında keçirdiyimiz sorğuda da bunun şahidi olduq.

Şəhər sakinləri bu ərazini əsasən “Neftçilər kruqu” kimi tanıyır. Halbuki rəsmi adını Afrika ölkəsi olan Seneqalın paytaxtı Dakardan götürüb.

Bakının Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşən türbəşəkilli abidədə sülhün və dostluğun rəmzi olan göyərçin və görüşən əllər təsvir olunub. Abidə mozaiklərlə bəzədilib. Metronun çıxışında hər iki şəhərin gerblərini əks etdirən və üzərində fransızca “Cites Unies”, yəni “qardaşlaşmış şəhərlər” sözləri yazılmış mozaikalı panno yerləşir.

Pannonun müəllifi isə əməkdar incəsənət xadimi Arif Əzizovdur.

 

Buranın “Dakar” adlandırılması isə heç də təsadüfi deyil. Belə ki, sözügedən abidə iki şəhərin - Bakı ilə Seneqalın paytaxtı olan Dakarın qardaşlığının simvoludur. Bu dostluğun təməli isə 1967-ci ildə Bakının nümayəndə heyətinin Dakara səfəri zamanı qoyulub. 14 iyun 1970-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Seneqal Respublikasının paytaxtı Dakar şəhərlərinin qardaşlaşması haqqında saziş imzalanıb.

 

Beləliklə, Dakar Bakı ilə qardaşlaşmış ilk şəhər olub. Həmin vaxtdan bu meydan onun adını daşıyır. Ancaq nə qədər qəribə görünsə də, hazırda Seneqalla Azırbaycanın səfirlik səviyyəsində rəsmi münasibətləri yoxdur.

 

 

AYNUR QARA

CEYHUN MUSTAFAYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv