Avtomatla gəzən narkobaron, şantajla da pul qazanıb - POLİS ƏMƏLİYYATI

Cəlilabadda Rusiyada və Azərbaycanda dəfələrlə məhkum edilmiş şəxs saxlanılıb.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Bakıda yaşayan Cəlilabad sakini Teymur Əhmədov narkotik alverində şübhəli bilinib.

Bundan əlavə o, qanunsuz silah saxlamaqda, şantaj, hədə-qorxu ilə pul tələbetmədə də təqsirləndirilir.

40 yaşlı şəxsin əməlləri barəsində məlumat alan polis onun “Hyundai” markalı avtomobilindən 455 qram heroin, 1 ədəd elektron tərəzi və balta aşkar edib. Onun paytaxtdakı evindən isə “Kalaşnikov” markalı avtomat və içərisində 12 patron olan daraq götürülüb.

T.Əhmədovun pulu təkcə narkotikdən qazanmayıb. Saxlanılan şəxs bir həmyerlisinə barəsində rüsvayedici məlumatlar yayacağını deyərək, ondan ayrı-ayrı vaxtlarda üst-üstə 50000 manat və “VAZ 21 099” markalı maşınını zorla alıb.

Faktla bağlı araşdırma davam edir. Saxlanılan şəxsin əməllərindən zərərçəkənlər varsa, polisə müraciət edə bilər.

Müəllif | Apa.Tv
Apa.tv