6 yaşlı qızın başına bitə görə dərman vurdular, uşaq xəstəxanalıq oldu
Sabirabadda 6 yaşlı uşaq kimyəvi maddədən zəhərlənib.
Hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
Kənd sakini, 2017-ci il təvəllüdlü Muradova Zəhra Nüsrət qızı bitkilər üçün nəzərdə tutulan parazit əleyhinə kimyəvi maddədən zəhərlənib. Valideynləri 6 yaşlı uşağın saçlarındakı bitləri öldürmək üçün onun başına “Bİ-58” adlanan kimyəvi zəhər vurublar. Nəticədə kəskin zəhər olan həmin maddə uşağın baş dərisindən orqanizminə sovrulub. Vəziyyəti ağır olan uşaq toksikoloji zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Bİ-58 insektisidi kənd təsərrüfatında zərərvericilərə qarşı tətbiq edilən güclü təsirə malik preparatdır. Qoruyucu vasitələrdən istifadə edilmədikdə ağır zəhərlənməyə səbəb olur.