6 yaşlı Sonaya yardım edək – MÜALİCƏSİNƏ 10 MİN MANAT TƏLƏB OLUNUR

6 yaşlı Sona anadangəlmə hidrosfaliya xəstəliyindən əziyyət çəkir. Hətta yeni doğulan vaxt həkimlər uşağın 30-40 gün yaşaya bilməyəcəyini deyiblər. Amma həkimlərin diaqnozu özünü doğrultmayıb. Düzdür, Sona həyatda qalsa da, başına davamlı olaraq su yığılıb ki, bu da balaca qızcığazın yeriməsini əngəlləyib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, üç il öncə valideynləri onu Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdirib.

Sonanın atası Nizami Əliyevin sözlərinə görə, bir müddətdir Sonanın beyninə su yığıntısı dayanıb ki, bu da onlarda yeni bir ümid yaradıb. Hətta su yığıntısının dayanması Sonanın yerimə funksiyasına da müsbət təsir edib.

Onu müayinə edən mütəxəssislərdən biri isə Sonanı tam yeridə biləcəyinə söz verib. Amma mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulan bu müalicə-reabilitasiya prosesi üçün təqribən 10 min manat pul tələb olunur. İndi balaca Sonanın ayağa qalxması xeyirxah insanların köməyindən asılıdır.

6 yaşlı Sona Əliyevanın sevimli himayəçisi, fəal pedaqoq Günel Bəylərqızı da ailəyə maddi yardım edilərsə, tezliklə azyaşlının ayağa qalxacağına inanır.

Qeyd edək ki, indiyədək yaşadığı xəstəliyə rəğmən, Sona Əliyevanın heç bir əqli problemi yoxdur. Əksinə, həyat eşqi ilə doludur. Doğmalarını və sevənlərini tanıyır, onlarla oynamaqdan zövq alır.

Müəllif | Apa.Tv
Apa.tv