475 nəfər əfv olunaraq azadlığa buraxıldı – CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏN REPORTAJ

Ötən gün Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrası başa çatıb.

 

APA TV-nin məlumatına görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

 

Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.

 

Əfv sərəncamından yararlanan keçmiş məhkumlar ölkə başçısının bu humanist addımının təqdirəlayiq olduğunu bildirirlər:

 

- Humanist addımına görə cənab Prezidentə təşəkkürümü bildirirəm. 2016-cı ildə baş vermiş yol-nəqliyyat hadisəsinə görə məhkum olunmuşdum. Cənab Prezidentin Novruz bayramı münasibətilə verdiyi əfv sərəncamından mən də yararlandım. 7 il cəza müddətim var idi, 4 il 7 ay həbsdə oldum. Qalan cəza müddətimi isə özümlə aparıram.

 

- 4 il 6 ay azadlıqdan məhrum olunmuşdum. Bu müddətin 2 il 8 ayının həbsdə keçirmişəm. Fürsətdən istifadə edib Prezidentimizə təşəkkürümüzü bildiririk. Allah onun köməyi olsun, bizi əfv etdi və biz də ailəmizə qovuşduq.

 

- 7 il 10 ay cəza müddətim var idi. Onun 5 il 3 ayını cəza çəkdim. 2 il 7 ayını isə özümlə aparacağam. Cənab Prezidentə minnətdarlığımı bildirirəm. Xalqımıza minnətdarlığımı bildirirəm. Allah bütün həbsdə olan məhkumlara azadlıq qismət eləsin.

 

Əfv olunanlar arasında xarici vətəndaşlar da var:

 

- Hər gün beynimizdə bu fikri keçirirdik ki, bir gün biz də bu qapıdan çıxacağıq. Biz əvvəllər azadlığın qədrini bilmirdik. Allah insana iki nemət verib. Birincisi azadlıqdır, ikincisi isə salamatlıqdır. İnşallah, bundan sonra onların qədrini bilərik.

 

Prezidentin müvafiq sərəncamı ilə əfv olunan şəxslərin doğmaları da ən az onlar qədər sevinclidirlər:

 

 

 - Öncə burdan cənab Prezidentimizə təşəkkür edirik. Çünki bir ailəni yox, elə bil ki, bir nəsli sevindirdi. Düşünürəm ki, bundan sonra bu qapıdan yolumuz keçməz. Hər kəsin azadlığa çıxmağını arzulayıram.

 

- Arzum budur ki, bütün həbsdə olanlar, cəza çəkənlər azadlığa qovuşsun. Bundan böyük bir arzu ola bilməz.

 

Məlumat üçün bildirək ki, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad ediliblər.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv