68 min vətəndaşın yolu açıldı

 “46 km-lik Quba-Qonaqkənd avtomobil yolunun istifadəyə verilməsi ilə bu yolun üzərində yerləşən yaşayış məntəqələrində yaşayan 68 minlik əhalinin rahat gediş-gəlişi təmin olunub. Yolun üzərində tikilən və arxada gördüyünüz körpülər isə vətəndaşlara dəyə biləcək maddi ziyanın qarşısı alınıb.”

Qonaqkənd kənd sakini Vahid Quliyev bildirir ki, kənddəki bərpa işləri onları çox sevindirib: “Bu körpülər ki, var. Onları heç bir xəzinə ilə əvəz etmək olmaz. Bu iki çay insanlara o qədər ziyan vurub ki, sürü aparıb, saysız-hesabsız texnikalar batırıb, at qarışıq insan aparıb. Milyonlarla ziyan vurub bu kəndə. Mənim 85 yaşım var, indi də o körpünün üstündən keçəndə inanmıram deyirəm ki, bu həqiqətdir yoxsa xəyaldır. Kasıb bir adam bir dana alıb gəlirdi, balaları üçün ruzi, onu da su aparırdı. O da əli boş, üzü qara qayıdırdı  evə.  İndi yollarımız əla, pensiyalar artır.”

2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin qəsəbə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.

“Qonaqkənd kəndində mövcud olan sosial problemlər burda yaşayan sakinləri daxili miqrasiya etməyə-rayon mərkəzinə köçməyə vadar etmişdi.  Son dövrlər bu problemlərin həlli vətəndaşları yenidən öz ata-baba yurdlarına dönməyə sövq edib.” 

Kənd sakini Paşa Hümbətov deyir ki, bərpa işlərindən sonra doğma kəndinə böyük bir həvəslə qayıdıb:  “O vaxtı iş olmayıb, vəziyyətimiz çətin olub, köçüb getmişdim Qubaya. Orda kirayədə qalırdım. Prezidentin göstərişi ilə kəndə qazın, yolun çəkilişi, işıq xətlərinin yenilənməsi məni yenidən ata yurduna qayıtmağa zövq edib. Kənddə işlə də təmin olunmuşam.”

 “Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşdu. Son dövrlər əsaslı təmir olunmadığına görə məktəb qəzalı vəziyyətə düşmüşdü. İndi isə Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası müasir standartlara tam cavab verir.”

Məktəbin direktoru Almaz Məmmədova yeni məktəb binası şagird və müəllim kollektivini çox sevindirir:  “Cənab prezidentimiz İlham Əliyev və Mehriban xanımın iştirakı ilə istifadəyə verilən, Heydər Əliyev Fondu tərəfindən inşa olunan 792 yerlik, 43 otaqdan ibarət məktəb çox gözəl, standartlara cavab verən bir binadır. Məktəbimizdə fizika kimya, informatika kabinetləri, gözəl idman zalı bugünkü həyata cavab verir. Bu yeniliklər bizim həm şagird, həm də müəllim kollektivini çox sevindirir.”

 “Prezidentin Qubaya səfəri zamanı istifadəyə verilən "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsində ilkin mərhələdə 20, daha sonra isə 50 nəfərin işlə təmin olunması planlaşdırılır.”

Sözügedən müəssisə bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı məsələlərində də onlara yardımçı olacaq.

Memarlıq elementləri qorunmaqla tamamilə yenilənən binada artıq kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva rayona səfəri zamanı Quba Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə də tanış olublar.

Yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda cəmləşib. Həmçinin bu cür komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.

Quba universal kompleksində 200-250 işçinin çalışacağı nəzərdə tutulur. Onların əksəriyyətini yerli sakinlər təşkil edəcək.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kompleksdəki 340 tamaşaçı yerlik üzgüçülük hovuzu, 6 600 tamaşaçı yerlik futbol stadionu, Şahmat Mərkəzi və otellə tanış olublar.

Bildirilib ki, kompleksin təlim və tədris hissəsində maliyyə sektoru prioritet olmaqla, bank, sığorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək. İlkin mərhələdə isə personalın xidmət səviyyəsinin yüksəldilməsi üçün proqramların təşkili nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Apa.tv