7 min manatlıq büstü oğurlayan şəxslər tutuldu
Latun və bürüncdən olan büstü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büstü oğurlanmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş, Bakı şəhər sakinləri Elman Mirzəyev, qardaşı Eldar Mirzəyev, Vidadi Quliyev, Emil İsgəndərov və Ruslan Səmədov tutulublar.
Dəstə üzvləri oğurladıqları büstü sataraq əldə etdikləri pulu aralarında bölüblər.
Qeyd edilən büst aşkar olunaraq polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.