7 nəfər toyda qidadan zəhərləndi

Şəkidə keçirilən toy məclisində qidadan zəhərlənmə baş verib.

APA TV-nin  məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayon Şin kəndində fəaliyyət göstərən şadlıq evində baş verib.

Həmin şadlıq sarayında keçirilən toy məclisində iştirak edən rayonun Baş Göynük kənd sakinləri - 1961-ci il təvəllüdlü Səyarə İbrahim qızı Aslanova, 1953-cü il təvəllüdlü Rəcəb Şərif oğlu Əhmədov, 1972-ci il təvəllüdlü Bahar Musa qızı Cəfərova, 1962-ci il təvəllüdlü Sürayə Həsən qızı Cəfərova, 1975-ci il təvəllüdlü Vüsalə Sabir qızı Aslanova, 1958-ci il təvəllüdlü Hidayət Həsən oğlu Aydəmirov və 1958-ci il təvəllüdlü Əsgər Qara oğlu Əsgərov qida zəhərlənməsi əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib, onlardan müvafiq nümunələr götürülüb. Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşən Baş Göynük kənd sakinləri ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV, Şəki

 

Müəllif | Apa.Tv
Apa.tv