7 yaşında çıxdığı Cəbrayıla 34 yaşında qalib zabit kimi qayıtdı - REPORTAJ

“Atam istəyirdi həkim olum, ya da pilot. Amma mənə həmişə hərbi paltarlar alardı. Niyə məhz hərçi olmaq istəyirəm, onu deyim. Həmişə məni özü ilə tədbirlərə aparırdı. Mən də görürdüm necə maraqlıdır. Oraları görəndə məndə ruh yaranırdı. Ona görə də vətənin keşiyində durmaq istəyirəm”.

 

Yusif Əzizli Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının şəhid baş leytenantı Elçin Əzizovun oğludur. İndi 9 yaşlı Yusif atasının xəyallarını gerçəkləşdirəcəyini düşünür. Bacısı Duyğunun 8, qardaşı Uğurun 1 yaşı var. Yusif indi həm onların qardaşı, həm də dayağıdır.

 

Duyğu da atasının arzusunu gerçəkləşdirərək, həkim olacağını deyir: “Nə həkimi olursan-ol, amma o işlərlə məşğul ol. Sonra da mənə dedi ki, Duyğu, anaya de ki, mən 3 gündən sonra gələcəm. Atamın döyüş yolunu bilirəm mən. O, bütün Cəbrayılı, Qarabağı alıb”.

 

Elçin Əzizov 1986-cı il martın 30-da Cəbrayılın Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Texniki Universitetinin məzunudur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

 

Şəhid Elçin Əzizovun həyat yoldaşı Sevda xanım 12 illik ailə həyatının hər gününü ömrünün ən xoşbəxt günləri sayır. Elçin Sevdanın həm də bibisi oğludur. Sevda xanımgil ailədə iki bacıdır. “Elçin həm mənim doğmam, həm dostum, həm də yoldaşım olub” deyir: “Təhsili hərbçi deyildi. Amma ixtisasının yox, hərbinin ardınca getdi. Bu il 8 ili tamam olacaqdı. Sonuncu dəfə avqustda gəlmişdi. Qızımızın ad günü sentyabrın 8-də olacaqdı. Gəldi 10 gün əvvəl, Duyğuya ad günü etdik. Bu gedişinin əvvəlkilərdən indi daha fərqli olduğunu düşünürəm. Həmişə onu tək yola salardım. Amma evdə qonaqlar olduğundan görüşmədik, eynəyini unutmuşdu. Zəng elədim ki, eynəyini götür, dedi, gecdir, getdi...”

 

Sevda xanım Elçinin Aprel döyüşlərinin də iştirakçı olduğunu deyir. Bu ilin aprel ayından isə mütəmadi olaraq cəbhə bölgəsində olub. Təlimlərdə olduğu üçün evə son vaxtlar gec-gec baş çəkirmiş qəhrəman şəhidimiz. Sonuncu dəfə sentyabrda yalnız bir gün evdə olub, ailəsi və övladları ilə görüşdükdən sonra cəbhəyə yollanıb. Cəbrayıl işğaldan azad olunan gün Sevda xanımla əlaqə saxlayıb: “Dedi ki, Cəbrayılı azad etdik, gələn yay sizi bura istirahətə gətirəcəm. Dedi, həyətimizdən nar var, mən yedim, sənin də payını saxlamışam çantamda. Narı gəldi çıxdı, amma özü gəlmədi”.

 

Sevda xanım deyir ki, ailənin böyük oğlu olan Elçin atasını erkən yaşlarında itirib. Hər dəfə atasını ziyarətə gedəndə Sevda xanıma deyərmiş ki, “mən hərbiçiyəm, məni bilmək olmaz. Məni atamın yanında dəfn edərsiz”. Bütün varlığı ilə ailəsinə, övladlarına, canı qədər sevdiyi Cəbrayıla bağlı olan baş leytenant doğma yurddan çıxanda 8 yaşında olub. Qardaşı Cavid deyir ki, elə bir gün olmayıb vətəni xatırlamasın: “Mən atamı itirəndə 12 yaşım olub. Elçin ailənin həm böyük oğlu, həm də bizə ata olub. Bu işi də oğul kimi bacardı. Bir ata övladı üçün necə qayğı göstərirdisə, Elçin onu bizə göstərib. Elə daha çox atalıq edib bizə desəm, düzgün olar”.

 

İxtisasca metallurq olsa da ədəbiyyata, şeirə, musiqiyə çox böyük marağı olub şəhid baş leytenantın: “Saatlarla muğama qulaq asardı. Biz də ailəlikcə sevirik. Amma o fərqli idi. Maşınında ancaq saza qulaq asardı. Hətta öz toyuna belə aşıq Altayı dəvət etmişdi. Sonra bir gün gördük saz alıb, deyir di vaxt tapan kimi ifa etməyi də öyrəənəcəm”.

 

Vaqif Əhmədov şəhid döyüşçümüzün həm dayısı, həm qayınatasıdır. “Elə bil oğlumu itirmişəm” deyən Vaqif müəllimin sözlərinə görə, Elçin çox istiqanlı, qohumcanlı, və tərbiyəsi ilə fərqlənən övlad olub: “Gözəl ailə başçısı idi. İnanın, hər kəsə arzu edərəm o xasiyyətli oğlanla qohum olsun. Çox ailəcanlı idi. Ailəsinin hər zaman qulluğunda olmağı bacarırdı. Elçin doğulduğu Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Sarıcallı kəndi uğrunda gedən döyüş onun sonuncu döyüşü olub. Ondan əvvəl isə Murovdağ istiqamətində döyüşlərdə iştirak edib. Bundan sonra Füzuli və Hadrut  istiqamətində olub, sonuncu zəngində isə dedi ki, bizdən 250 nəfər döyüşçü gedib, son yeddi nəfərlik heyət isə bizik, biz də sabah qatılırıq. Və dedi ki, artıq 8 nəfər şəhidimiz var”.

 

Elçin Əvəz oğlu Əzizov sağlığında "Hərbi xidmətlərə görə" medalına layiq görülüb. Ölümündən sonra isə "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Elçin Əzizov İkinci Fəxri Xiyabanda dəfn olunub. Ruhun şad olsun, cənab baş leytenant!

 

Sevinc Vaqifqızı

Üzeyir Ağayev

Müəllif | Apa.Tv
Apa.tv