“8103”dən gələn razılıq SMS-nin tarixini dəyişdirdi, həbs edildi

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-in tarixini xüsusi kompüter proqramları vasitəsilə saxtalaşdıraraq qaydaları pozan Sumqayıt şəhər sakini Nail Yaqubov saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq Nail Yaqubova 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib.  Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb.

 

Həmçinin Nail Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimini pozmağa çağırıb.

 

Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov inzibati  qaydada məhkəmənin qərarı ilə 25 sutka  həbs  edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv