9 aylıq körpənin yardıma ehtiyacı var - GƏNC AİLƏ KÖMƏK GÖZLƏYİR
Murad və Sevinc 2019-cu ildə ailə həyatı qurublar. Onların bu evlilikdən 2020-ci ilin may ayında birinci oğlan övladı dünyaya gəlib. Ailə başçısı Murad Məmmədov ailəsini dolandırmaq üçün ailəsi ilə birlikdə Şəkinin Baş Layısqı kəndindən Qax şəhərinə köçüb. Qax şəhərində kirayədə yaşayan Məmmədovlar ailəsinin başçısı Murad Məmmədov rayon mərkəzində fəaliyyət göstərən marketlərin birində aylıq məvacibi 300 manat olmaqla satıcı kimi işləyib.
Gənc ailənin ikinci qız övladı Nazlı Məmmədova bu ilin 5 fevral tarixində dünyaya gəlib. Valideynləri körpə Nazlının üç aylığında onun sağ ayağının sol ayağına nisbətən daha çox inkişaf etdiyini və sağ ayağın baş barmağının digər barmaqlara nisbətən daha çox sürətlə inkişaf etdiyini görürlər. Valideynləri körpəni sağ ayağının inkişafının düzgün olmadığı üçün Qax, Şəki, Zaqatala, Mingəçevir və Bakı şəhərindəki xəstəxanalara üz tuturlar. Körpə Nazlıya Makrodaktiliya xəstəliyi dioqnozu qoyulur.
Nazlı Məmmədovanın müalicəsi üçün ayağında mərhələli şəkildə bir-neçə cərrahiyyə əməliyyatı aparmaq lazımdı. Əməliyyat icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olunmadığı üçün əməliyyatın aparılması üçün 10 min manatdan yuxarı pul vəsaiti tələb olunur.
Lakin əməliyyat üçün tələb olunan bu pul vəsaitinin nağd şəkildə ödənilməsi Qax şəhərində kirayədə yaşayan və ailənin aylıq gəliri 300 manat olan gənc ailə başçısı Murad Məmmədovun imkanları xaricindədir. Murad Məmmədov xeyriyyəçi və imkanlı şəxslərdən 9 aylıq körpə qızının həyatını xilas etmək üçün kömək gözləyir.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV. Qax