95 məcburi köçkün ailəsinə yeni evlər verildi - FÜZULİDƏ

Füzuli rayonunda məcburi köçkünlərə yeni evlər verilib.

APA TV xəbər verir ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən, Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi salınıb.

Tikinti işləri Dövlət Neft Fondundan ayrılan vəsait hesabına, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib və qəsəbənin inşası ötən ilin oktyabr ayında başa çatdırılıb. Rayonun Əhmədbəyli kəndi ərazisində 17,3 hektar sahədə salınmış qəsəbədə 1,2,3 və 4 otaqlı olmaqla ümumilikdə 95 mənzil sahibinə təqdim edilib:

- Çox sevinirik öz elimizə, obamıza getdiyimiz üçün. Təşəkkür edirik cənab Prezidentə bizi ev ilə təmin edib. Çox acınacaqlı vəziyyətdə yaşayırdıq.

- 1992-ci ildən çiy kərpicdən olan tikilidə yaşayırdıq. Uçub dağılırdı artıq. Döşəmə, tavan yox idi. İsitmək çətin olurdu. İndi yeni mənzil tikilib. Hamamı, mətbəxi evin içərisindədir.

Qəsəbədə həmçinin  elektrik enerjisi və su təchizatı sistemi yaradılıb. Nasosxana tikilib və yanğınsöndürmə hidrantları quraşdırılıb. Qəsəbəyə yeni yol, qaz xətti çəkilib, 7,3 hektar sahə isə  yaşıllaşdırılıb.

Bakıda müvəqqəti məskunlaşmış 30  məcburi köçkün ailəsinə də, onların fərdi müraciətləri əsasında, Füzuli rayonundakı daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılıb. Belə ki, bu ailələrə məxsus olan və birinci Qarabağ müharibəsi zamanı dağıntıya məruz qalan evlər, Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən tikilib və sahiblərinə verilib. Tikinti işləri ötən il dövlət büdcəsindən komitəyə ayrılmış vəsaitdən əldə edilən qənaət hesabına aparılıb:

- Lap qəşəngdir. Bakıda qalmışdıq qazanxanada. Lakin indi çox şükür. Öz doğma yurduma gəlmişəm.

- Bakıda velosiped sürə bilmirdim. Burada isə həyətimiz çox genişdir. Dostlarımla rahat vaxt keçirə  bilirəm. Bura çox xoşuma gəldi.

Mənzillər püşkatma yolu ilə yeni sahiblərinə təqdim edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv