ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Azərbaycan illər sonra ərazisinin böyük hissəsini azad edib”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ABŞ-ın Xəzər Siyasi Mərkəzinin (Caspian Policy Center-CPC) birgə təşkilatçılığı ilə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı beynəlxalq vebinar keçirilib.

 

APA TV-nin xəbərinə görə, Xəzər Siyasi Mərkəzinin Təhlükəsizlik və Siyasi Proqramlar üzrə rəhbəri Riçard Hoqlandın moderatorluq etdiyi tədbirdə təşkilatın icraçı direktoru Əfqan Nifti açılış nitqi zamanı bildirib ki, vebinar həm ABŞ, həm də Azərbaycan üçün çox əlamətdar bir vaxta təsadüf edir.

 

Onun sözlərinə görə, təmsil etdiyi təşkilat ABŞ-Azərbaycan münasibətlərinin tədqiqinə, o cümlədən regionda, Xəzər hövzəsində baş verən hadisələrə böyük əhəmiyyət verir. Bu baxımdan ABŞ administrasiyasında dəyişiklik və Qarabağda silahlı münaqişə fonunda ABŞ-Azərbaycan münasibətlərinin müzakirəsinə ehtiyac var.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, İkinci Qarabağ Müharibəsi və Azərbaycanın öz ərazi bütövlüyün bərpa etməsi ilə regionda yeni geosiyasi reallıq formalaşıb. Onun sözlərinə görə, bu günlərdə Azərbaycanda baş vermiş digər əlamətdar hadisə TAP layihəsinin başa çatmasıdır. Fərid Şəfiyevin fikrincə, bu kimi bir sıra mövzular iki ölkə münasibətlərinə təsir göstərir. BMTM-in İdarə Heyətinin sədri II Qarabağ Müharibəsinə toxunaraq  27 ildir davam edən danışıqların heç bir nəticə vermədiyini, Ermənistanın baş naziri Nikol Paşinyanın Madrid Prinsiplərindən imtina etməsi və bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində təxribat törətməsi ilə münaqişəni bu vəziyyətə gətirdiyini diqqətə çatdırıb.

 

Xəzər Siyasi Mərkəzinin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Tramp administrasiyasının regiondan bir qədər çəkildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Qarabağda baş verən son proseslər regionda vəziyyəti kəskin dəyişib, lakin ABŞ bu prosesdə heç bir rol oynamayıb: “Növbəti illər ərzində ABŞ-ın yeni administrasiyası yeni mərhələyə imza ata bilər. Bu baxımdan münasibətlərə yenidən baxılmasına ehtiyac var. ABŞ Ermənistanla Azərbaycana arasında sülhün yaradılmasına töhfə verə bilər”. 

 

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar da Bayden administrasiyasının Azərbaycana və bütövlükdə regional proseslərə daha çox cəlb olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı Azərbaycan böyük nailiyyət əldə edib və illər sonra ərazisinin böyük hissəsini azad etməyə nail olub. O, münaqişənin tamamilə həll olunmasını istədiyini deyib və regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın da bunda maraqlı olduğunu bildirib.

 

İrs Fondu (Heritage Foundation) yanında Xarici Siyasət Araşdırmaları üzrə Allison Mərkəzinin direktoru Lyuk Koffi qeyd edib ki, ABŞ-ın yeni administrasiyası zamanı daha çox rəsmi şəxslərin Azərbaycana səfərləri təşkil olunmalıdır. Həmçinin o, Azərbaycanın münaqişə zonasına və Gürcüstana yaxın yerləşən ikinci böyük şəhəri Gəncədə ABŞ konsulluğunun açılmasının vacibliyini qeyd edib.

 

Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramı birgə mərkəzinin direktoru Svante Kornel çıxışı bildirib ki, kağız üzərində ABŞ və Azərbaycan çox sıx tərəfdaşdırlar, lakin reallıqda belə deyil. O, bunun tezliklə dəyişəcəyinə də əmin olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-Azərbaycan münasibətləri Obama dövründə ən pis həddə çatıb və bunda Obama Administrasiyasında Azərbaycana qarşı əks mövqeyə sahib rəsmilərin və ABŞ-dakı erməni diasporunun da böyük rolu olub. Son zamanlar cəbhədə baş verənlərə toxunan Svante Kornelin sözlərinə görə, müharibə Azərbaycanın kiçik deyil, artıq orta ölkə olduğunu sübut edib: “Azərbaycan bu uğurları planlaşdırdığı prioritetləri və iqtisadi inkişafı nəticəsində əldə etdi. Biz bu yanaşmanı həm müharibədə, həm ölkə daxili və xarici siyasətdə görürük. ABŞ bunu nəzərə almalıdır”.

Müəllif | Apa.Tv
Apa.tv