Ərdoğan ABŞ-ı hədələdi: “İncirlik bağlana bilər”
“ABŞ Senatının “erməni soyqırımı” ilə bağlı qərarının heç bir hüquqi əsası və bizim üçün dəyəri yoxdur. Çünki qərar siyasidir”.
APA TV-nin bürosunun məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu mövzuda ölkəsinə qarşı haqsız iddialara cavablar veriləcək: “Biz sənədlə danışırıq. Türkiyə indiyədək 1 milyondan çox arxiv materiallarını, sənədləri üzə çıxarıb, heç birində sözü gedən fakta rast gəlinmir. Dəfələrlə demişik ki, bu məsələ tarixçilərin, elm adamlarının araşdıracağı sahədir, arxivlərimiz açıqdır, gəlin araşdırın. Ermənistanda arxiv yoxdur, ABŞ-da, Fransada bir neçə arxiv materialının mövcudluğu söylənilir, amma qapalı saxlanılır. Bir halda ki, bizə iftira ataraq hücum edirlər, biz də artıq müdafiəyə çəkilməyəcəyik, faktlarla qarşılarına çıxacağıq. Hindulara etdiyi soyqırımı ABŞ üçün rəzalətdir. Biz bunu, eləcə də Ruandada, Əlcəzairdə fransızların vəhşiliklərini, digər bu kimi tarixi hadisələri dünya ictimaiyyətinə yayacağıq”.
Dövlət başçısı həmçinin bildirib ki, Türkiyənin Malatya vilayətindəki ABŞ-ın Kürəcik və Adanadakı İncirlik hərbi bazalarının bağlanması məsələsi də aktualdır.