Abşeronda karantin qaydalarını pozan 380 nəfər cərimələndi

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron rayonu ərazisində polis əməkdaşları tərəfindən yollarda, fəaliyyətinə icazə verilən obyektlərdə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

 

DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata əsasən rayon Polis İdarəsi  və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən keçirilən reydlər zamanı avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər müəyyən edilərək cərimələniblər.

Həmçinin nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər barəsində protokol tərtib edilib.

 

Ümumilikdə son reydlər zamanı Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozduqlarına görə, 380 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmin şəxslərdən 261-i tibbi maskalardan istifadə etmədiklərinə, 119-u isə karantin qaydalarının tələbini pozaraq icazəsiz yaşayış yerini tərk etdiklərinə görə cərimələniblər. Karantin qaydalarını pozan 3 nəfər isə inzibati qaydada həbs edilib.

 

Tələbləri pozaraq qanunsuz olaraq fəaliyyət göstərən 3 kafe və restoran da müəyyən edilərək həmin obyektlərin sahibləri barəsində sərt tədbirlər görülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv