Abşeronda kassirin başına vuraraq 15 min manat oğurlayan şəxslər yaxalandı

Abşeronda şirkətlərin birində kassir işləyən Rövşən Cavadovun başına küt alətlə vuraraq 15 min manatdan çox pulunu aparıblar.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Cinayətlərlə Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Opel” markalı avtomobildən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparan Cəlilabad rayon sakinləri 24 yaşlı Əmrah Həmzəyev, əmisi oğlu 21 yaşlı Sücəddin Həmzəyev saxlanılıb.

 

Saxlanılan Əmrah Həmzəyev hadisəni qabaqcadan planlaşdırdıqlarını, hətta buna bir neçə dəfə cəhd etdiklərini bildiriblər. 3-cü cəhddə isə onlar çirkin əməllərini həyata keçiriblər: “Mən “Damla” MMC-də mişarçı olaraq işləyirəm. Yolu kəsdik, ilk cəhddə işimiz alınmadı. Amma üç gün bundan qabaq, daşı düzdük, Rövşən Cavadov yaxınlaşıb daşı götürəndə hücum çəkdik vurduq. Sonra qaçdıq. Pulu da öz aramızda bölmüşük. 7 min mənə düşmüşdü. 30 dənə yüzlük dollar idi, qalanı manat. Ondan bir az xərcləmişəm qalanı qaytarmışam”.

 

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı isə Rəhman Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili oğurlayan Lənkəran şəhər sakini 30 yaşlı Mirhüseyn Ocaqov tutulub. Araşdırma zamanı məlum olub ki, o elə maşın ustasıdır. Masazır kəndində avtomobillərin təmiri sexlərinin birində çalışır. Çox güman ki, avtomobili də məhz hissələrə bölüb satmaq üçün oğurlayıb.

 

Əvvəllərdə bir neçə dəfə məhkumluq həyatı yaşayan Mirhüseyn Ocaqov tutduğu cinayət əməlindən peşmançılıq çəkdiyini bildirib: “3 gün bundan qabaq Hökməlidəydim, yolun qırağında gördüm “VAZ-2107”ni açarı da üstündə idi. Özüm narkotik vasitə qəbul edənəm, avtomobil qaçıran vaxt narkotikin təsiri altında idim. Əməlimdən peşmanam, vallah birdə belə şey eləmərəm”.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv