Abşeronda komendant saatı qaydalarını pozanlar saxlanılıb

Sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda Komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisi ilə yanaşı Abşeron rayonu ərazisində  polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər.

 

APA TV xəbər verir ki, saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir.

 

Belə ki, avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobilin yük yerinə də baxış keçirilir.  Belə ki, qurulan postda müvafiq icazəasi olmayan sürücü və sərnişinlər aşkar edilib.

 

Həmin hərəkət iştirakçıları Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Abşeron rayonu ərazisində 10 stasionar post qurulub.

 

Qeyd edək ki,  Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.

Müəllif | Apa.Tv
Apa.tv