Abşeronda marketlərə vaxtı keçmiş yumurta satan şəxs yaxalandı

Abşeronda vaxtı keçmiş minlərlə yumurtanı yeniləri ilə qarışdıraraq yenidən satışa verən şəxs saxlanılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, əməliyyatı Abşeron rayon Polis İdarəsi və Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları birgə keçiriblər.

 

Əməliyyat zamanı məlum olub ki, Giləzi Quşçuluq" MMC-də satış meneceri işləyən və marketlərə yumurta paylayan Kamil Teymurov Xırdalanda kirayələdiyi evdə mağazalardan geri qaytarılan vaxtı keçmiş yumurtaları yenidən bərpa edərək, dostu Malik Qasımovla birgə, şirkətə məxsus “Ford Transit” markalı yük avtomobili ilə yenidən mağazalara daşıyıb: “Dedilər burada olan yumurtaların bəzilərinin niyə möhürü var, bəzilərinin yoxdur. Dedim möhürü olanlar bizim şirkətin yumurtalarıdır. Möhürsüzlər də “Giləzi”nindir. Amma bunların bəzilərinin ölçüsü böyük olduğundan çox güman ki, makinaya getməyən yumurtalara vurulmurdu. Yerdə qalan xırda yumurtaları, hansı ki, mən vurmuşdum dostumun evinə, 40 qutu vurmuşdum xırda yumurtanı. Onun da satışı zəif olduğundan, vurmuşdum evə. Bu barədə də şirkətə məlumat vermişdim”.

 

Əməliyyat zamanı ümumilikdə 32400 ədəd yararsız yumurta aşkar edilərək götürülüb. Saxlanılan şəxs bu işi şirkətin tapşırığı ilə etdiyini desə də, sözügedən şirkət Xırdalan şəhərindəki mənzildən xəbərsiz olduğunu bildirib. Kamil Teymurov saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib: “Vaxtı keçmiş mal olduğundan marketlərdən qaytarırlar. Mən şirkətə dedim ki, bu yumurtaların, 40 qutusunu vurmuşam evə, satışı zəifdir. Dediyim kimi, onlarında içindən qırığı, çıxığı olduğu üçün yenidən təmizləyib müştəri olduğu zaman marketlərə çatdırırdım”.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv