Abşeronda maşın oğurlayan şəxslər yaxalandı
Abşeronda maşın oğurlayan şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Hökməli qəsəbəsində Elbrus Məmmədova məxsus “VAZ 2107” markalı nəqliyyat vasitəsinin qaçırılması ilə bağlı polisə məlumat daxil olub. Araşdırmalar nəticəsində avtomobilin Suraxanı rayonun ərazisində olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Qobu Polis Bölməsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat nəticəsində həmin nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Tahir Atakişiyev və Heydər Əkbərov tutularaq məsuliyyətə cəlb olunublar.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər Abşeron rayonundan başqa, paytaxt ərazisində daha 3 “VAZ 2107” və 1 ədəd “BMW” markalı nəqliyyat vasitəsini oğurlayıblar.
Tahir Atakişiyev və Heydər Əkbərov ifadələrində maşınları sökərək ehtiyat hissələri halında satmaq üçüm qaçırdıqlarını bildiriblər. Amma oğurladıqları avtomobillərdən yalnız birini ehtiyat hissələri halında sata biliblər. Digər nəqliyyat vasitələri isə polislər tərəfindən aşkar olunaraq sahiblərinə qaytarılıb.
Bundan başqa, Tahir Atakişiyevin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.