Abşeronda zeytun bağı yandı, bir nəfər tüstüdən zəhərləndi

Abşeron rayonunda zeytun bağında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

 

APA TV-nin məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib. Üzümlük yaşayış massivində Sədayət Xanlarova məxsus 3 hektar ərazidə əkilmiş zeytun bağı yanıb.

 

Hadisə zamanı 3 mindən çox zeytun ağacı və damcılama üsulu üçün quraşdırılan su boruları məhv olub. Bağ sahibi Sədayət Xanlarov yanğının qəsdən törədildiyini iddia edir: “3 hektar zeytun bağı əkmişdim. 3 illik ağaclardır. Səhər mənə zəng gəldi, mən də gəldim tez, qonşuların dediyinə görə, bir hündür boylu cavan oğlan əraziyə od vuraraq qaçıb. 2 km aralıda qalıram, mən gələnə kimi gəldim gördüm bağ tamamilə yanıb. Bütün damcılama sistemi, hardasa 7 min manatlıq, yanaraq məhv olub. Ağaclarda yanıb”.

 

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə bölməsinin yanğınsöndürənləri cəlb olunub, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

 

Hadisə zamanı bağ sahibinin oğlu Emin Xanlarov tüstüdən zəhərlənib. O, Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv