Abşeronun gülçülük şöhrəti özünə qaytarılır – SUVARMADA YAĞIŞ SULARINDAN İSTİFADƏ EDİLİR
Azərbaycanın əlverişli iqlim şəraiti və ixrac imkanlarının böyük olması nəzərə alınaraq son bir neçə ildə gülçülük təsərrüfatlarının yaradılmasına xüsusi diqqət ayrılır. Abşeron rayonunun Novxanı kəndində 2 hektar sahədə salınan istixana kompleksində 100-dən çox dekorativ gül kolları, eləcə də ölkəmizin iqlimi üçün yad olan kaktus yetişdirilir.
Burada salınan istixana kompleksində yetişdirilən dekorativ güllər ölkəmizin bir çox park və xiyabanlarının bəzədilməsində istifadə edilir. Gülçülük təsərrüfatındakı şitillər Cənubi Amerika ölkələrindən və Hollandiyadan gətirilir.
Təsərrüfat sahəsində yerli iqlimə uyğun olmayan, indiyədək idxal edilən maraqlı kaktus növləri, xüsusilə çiçək açan kaktuslar da yetişdirilir.
Ən maraqlısı odur ki, Yağış yağan zaman xüsusi quraşdırılmış texnologiya sayəsində hovuza yığılan su bitkilərin suvarılmasında istifadə edilir. Mütəxəssislər deyir ki, yağış suyu daha təmiz olduğundan, tərkibində digər maddələr olmadığından bitkilər daha sağlam olur.
Gülçülük təsərrüfatının inkişaf etdirilməsi, xaricə valyuta axınının qarşısını almaq, yeni bir sahəni inkişaf etdirmək deməkdir. Bərəkətli Abşeron torpaqları isə gülçülük sahəsində lider mövqe tuta bilməyi çoxdan sübut edib.