Abşeronun yol, kanalizasiya, telefon və interneti olmayan ərazisi – REPORTAJ

Abşeron rayonu Məhəmmədi kəndi “Yeni Massiv” adlanan ərazidə yaşayan 700-dən çox ailənin problemləri sadaladıqca bitmir. “Kürdəxanı türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanasına yaxın ərazidə yerləşən kənddə kiminsə bələdçilik edib problemləri göstərməsinə heç ehtiyac qalmır. Çünki yaşayış ərazisinə girən kimi diqqəti dağılmış yollar çəkir, ərazidə olan üfunət iyi zibilliyi xatırladır.

 

Kənddəki bu göllər isə problemlərə əlavə rəng qatır. Telefondan, internetdən uzaq qalan kəndə avtobus marşrutlarının gəlməməsi vəziyyəti daha da acınacaqlı edir: “Yoldur, kanalizasiyadır, telefondur, internetdir - bunların hamısından mərhum olmuşuq. Bu göllər bizə antisanitar vəziyyət yaradır. Burada hamısı körpə uşaqlardır. İki həftə bundan qabaq qonşu uşaq düşmüşdü burdakı gölə. Özümüz çıxarmışıq. Bir az gec gəlsəydik, uşaq boğulub öləcəkdi”.

 

Dörd yaşlı nəvəsini itirmək təhlükəsini artıq bir dəfə yaşayan nənə Səbzə Əhmədova isə bədbəxt hadisədə imdadına qonşuların çatdığını deyir: “Nəvəmizin 4 yaşı var. Suya düşdü. Allaha and olsun, burada Nicat adlı oğlan var, qonşu. Allah köməyi olsun, qonum-qonşu gedib çıxartdı. Mən özüm gedə bilmədim”. 

 

82 yaşlı Yolçu Həmzəyev düşünür ki, kənd yolları təmir olunarsa, işləri qismən yoluna düşəcək: “82 yaşım var, yoldaşımın 80 yaşı var. Tək-tənha yaşayırıq burada. Yəni bizə eybi yoxdur. Bu cavanlar, bu uşaqlar yaşasın, onlar şən olsun. Bax, o 1 kilometr, 800 metr yol düzəlsə, ola bilər, buraya marşrut gələr. Camaat uşağını məktəbə aparmaq üçün filan qədər pul ödəyir. Bu yol, bu kanalizasiya, bax, o gördüyünüz gölməçə malyariya xəstəliyidir. Uşaq oynamaq istəyir. Yaydır, uşağı evdə saxlamaq olmur. Milçəyin, ağcaqanadın əlindən yaşamaq olmur”.

 

Ölkədə tətbiq edilən xüsusi karantin rejimində məktəblər bağlandıqdan sonra təhsil onlayn şəkildə verilsə də, internet problemi burada yaşayan şagirdlərin dərslərinə mane olur. 5-ci sinif şagirdi Məhəmməd Quliyevin sualı isə bizim də boğazımızı qurutdu: “Onlayn dərslərə qatıla bilmirəm. Çünki wi-fi yox, meqabayt yox, o cümlədən telefonda yoxdur. Mən o dərslərə necə qatılım bəs? Telefon yoxdur. Onlayn dərslərə qoşula bilmədik. Hamısı savadsız oldu”.

 

Sakinlərin dediyinə görə, şikayət etdikləri qurumlar məsələni bir-birinin üstünə atır: “Müraciət etmişik Abşeron Rayon İcra Hakimiyyətinə, deyiblər ki, baxılacaq, baxmayıblar. Sonra kanalizasiya ilə bağlı bizə icra hakimiyyətindən məlumat gəlib ki, sizin kanalizasiyanız Azərbaycan Avtomobil Yolları tərəfindən çəkiləcək. Onlardan da cavab gəlir ki, o bizlik deyil, “Azərsu” çəkməlidir. Qalıb bunların ortasında, heç biri də əməl etmir”.

 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum sözçüsü bildirdi ki, sözügedən ərazinin avtomobil yolları rayon icra hakimiyyətinin balansındadır.

 

Abşeron Rayon İcra Hakimiyyətindən əvvəlcə əraziyə Sabunçu Rayon İcra Hakimiyyətinin baxdığını desələr də, sonradan kəndin Abşeron rayonunun tərkibində olduğu bildirildi. Dəvətimizi qəbul edib kənd ərazisinə gələn icra nümayəndəsi isə kənd sakinlərinin problemləri ilə bağlı hər hansı şikayətin daxil olmadığını söylədi.

 

Ərazidə olan qrunt sulardan xəbərdar olduqların deyən icra əməkdaşları vətəndaşların sualları qarşısında cavabsız qaldılar:

 

Vətəndaşlar tərəfindən istər rayon icra hakimiyyətinə, istərsə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi şəkildə müraciət etdiklərini desələr də, Məhəmmədi kənd ərazi dairəsi üzrə icra nümayəndəsi Şiraslan Həsənov qeyd etdi ki, bu problemlərlə bağlı rəsmi qaydada onlara müraciət daxil olmayıb: “Vətəndaşların problemləri ilə bağlı olaraq yerli icra nümayəndəliyinə heç bir yazılı müraciət daxil olmayıb. Vətəndaşlar bələdiyyəyə müraciət ediblər. Bələdiyyə də vəsait olmadığı üçün buraya heç bir tədbir görülməmişdir”.

 

Kənd bələdiyyəsinin sədri Vasif Məmmədov isə vəzifəyə yeni təyin olunduğundan problemlərdən bixəbərdir.

 

Kənddəki problemlərin həlli istiqamətində xoş vədlər verən qurum rəsmisi bildirdi ki, telefon, marşrut xətti və məktəb probleminin həlli istiqamətində addımlar atılacaq.

 

Hər halda, biz çəkib göstərdik. Problemin həlli isə aidiyyəti qurumlardan asılıdır. Ümid edirik ki, burada hər hansı bədbəxt hadisənin baş verməməsi üçün ərazidəki bu göllər ən qısa zamanda tarixə qovuşacaq.

 

İsa İsmayılov

Faiq Həsənov

Müəllif | Apa.Tv
Apa.tv