Adil Əliyev: “Azərbaycanda kişilərin öpüşməsinin qarşısını almaq lazımdır”

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 4 məsələ daxil edilib.

 

İclasda İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə edilib.

 

Spiker Sahibə Qafarova dünyada koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görüldüyünə diqqət çəkib. Azərbaycanda da bu sahədə ciddi işlər aparıldığını deyən spiker qeyd edib ki, yaranmış vəziyyəti nəzərə alaraq Milli Məclisin komitə və komissiyalarının iclasları dayandırılır.

 

Cari məsələlərin müzakirəsindən əvvəl Cinayət Məcəlləsinə dəyişiklik məsələsi təklif olunub. Məsələ barədə vitse-spiker Əli Hüseynli məlumat verib: “Yeni maddəyə əsasən, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda, 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq”.

 

Vitse-spiker Adil Əliyev insanların toxunulmazlıq hüququnun olduğunu, ancaq koronavirusdan toxunulmazlıq səlahiyyətinin olmadığını bildirib: “Baş Nazirin yerli icra hakimiyyəti orqanlara göndərdiyi məktubu əsas götürərək, tövsiyələrə əməl edilməlidir. İclasların, toplantıların yalnız telefon, mobil elektron vasitə ilə keçirilməsinə üstünlük verilməlidir. Bizim deputatlıqla bağlı toxunulmazlığımız olsa da, koronavirusla bağlı bu səlahiyyət bizə verilməyib. Məqsədimiz insanlarla təmasdan yayınmaqdır. Azərbaycanda kişilərin öpüşmək məsələsinin qarşısını almaq üçün böyük təbliğata ehtiyac var. Məsələni çox uzatmadan qanun layihələrini səsə qoyaq və qanunları pozmayaq”.

 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, hökumətin bu vəziyyətə reaksiyası hadisəyə adekvatdır, lakin ictimaiyyətin davranışında ikiqütblülük var: “Bir qütbdə panika, ajiotaj, digər qütbdə isə laqeydlik. İnsanlarımız, sadəcə, Operativ Qərargahın tövsiyələrinə əməl etməlidir. Qorxulu hal isə həkim olmayan şəxslərin virusla bağlı məsləhətlər verməsidir. Buna görə də bütün sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qeyri-peşəkar adamlar öz fikirlərini yazmasınlar”.

 

Qənirə Paşayeva insanları koronavirusa ciddi yanaşmağa çağırıb. Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da xalqı xəstəliklə mübarizə tədbirlərində həmrəy olmağa çağırıb: “Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi təlimatların həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda ala bilərik”.

 

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov epidemioloji qaydaları pozanları sərt cəzalandırmağa çağırıb. Onun sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə üçün adekvat tədbirlər hazırlanıb və həyata keçirilir.

 

Qanun layihələrinə dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv