Ağalıya köçənlərə yeni mənzillərin açarları verildi – APA TV

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 10 ailədən ibarət növbəti köç karvanı artıq Ağalıya çatıb. 30 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Ağalıda məskunlaşan sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri mövcuddur. Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır. Qeyd edək ki, ümumilikdə “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Habil Aslanoğlu Ziya İsmayılov ZƏNGİLAN

Müəllif | Apa.Tv
Apa.tv