Ağcabədi məktəbində odun qalmaqalı: kim haqlıdır? – ARAŞDIRMA

Ağcabədinin Sarıcalı kəndindəki Müşfiq Uluxanov adına tam orta məktəbdə istilik sisteminin olmaması valideynlərlə məktəb rəhbərliyi arasında narazılığa səbəb olub.

 

Bundan narazı qalan kənd sakinləri hadisə yerinə APA TV-nin çəkiliş qrupunu dəvət ediblər.

 

 

Valideynlər iddia edir ki, yarım əsrdən çox yaşı olan məktəb binasında uşaqların normal təhsil alması üçün şərait yoxdur və müəllimlər uşaqlardan istilik üçün evdən odun gətirməyi tələb edirlər. “Bu məktəb tikilsə, kimə pisdir? Hamının balası oxuyacaq. Məktəb tikilsə, hamıya xeyirdir. Çəkin göstərin, bizə məktəb də lazımdır, qaz da lazımdır, su da lazımdır. Məktəb bəlkə də 1931-ci ildə tikilib. Bizə meşədən odun da vermirlər”.

 

Məsələyə münasibətini öyrənmək istədiyimiz Sarıcalı kənd tam orta məktəbinin direktoru Sevinc müəllimə çəkiliş aparmaq istəyən APA TV-nin əməkdaşlarına və məktəblilərin valideynlərinə mane olmaq istəyib.

 

 

Ağcabədi rayon Təhsil Şöbəsinin müdir müavini Əfrasiyab Məmmədov isə iddialardan xəbərsiz olduğunu, dövlətin həmin müəssisəni odunla tam təmin etdiyini deyib:  “Məktəb iki növbəlidir. Orda yaranmış vəziyyəti araşdırıb qanuni ölçü götürəcəyik. Bu kimi hərəkətlər məktəb rəhbərinə yaraşmaz”.

 

Bəs onda valideynlər nəyə görə şagirdlərdən məktəbə odun gətirmək tələb olunur? Bu sualın cavabını təhsil şöbəsinin apardığı araşdırmadan sonra biləcəyik.

Müəllif | Apa.Tv
Apa.tv